Advertisement

“AzerGold” QSC-nin yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli qızıldan ən
yüksək keyfiyyət hesab edilən 999.9 əyarda istehsal edilmiş yeni
qızıl sikkə nümunəsini təqdim edib. Yeni sikkə Azərbaycanın
unudulmaz tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsinə
xalqımızın ehtiramını əks etdirən, onun zəngin mənəvi irsini
yaşadan, xeyirxah və nəcib təşəbbüsləri ilə ölkənin sosial-iqtisadi
inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun
yaradılmasının 20-ci ildönümünə həsr olunub.

Heydər Əliyev Fondunun zəngin və çoxşaxəli fəaliyyətini tərənnüm
edən sikkənin üzərində Fondun loqosu təsvir olunub. Loqonu haşiyəyə
alan, günəşin şəfəqlərini xatırladan həndəsi xətt və fiqurlar
həyatı, işığı, həmçinin zamanı ifadə edir. Dizayn elementləri
Heydər Əliyev Fondunu humanizm, mərhəmət simvolu kimi xarakterizə
edir. Təsvir sikkənin yuxarı və aşağı hissəsində yubileyi ifadə
edən “20” ədədi ilə tamamlanır.

20 qramlıq çəkidə istehsal edilmiş yeni qızıl sikkələr
“AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında
yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması –
“www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və
gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr
ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən etibarən yerli
pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli
metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı
stimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları
ölkəmizin, onun tarixi keçmişi, incəsənəti, mədəni irsinin və digər
dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi və sərfəli
investisiya alətidir.