Advertisement

Azərbaycanda sürüşmə zonalarının xəritəsinin hazır olacağı vaxt açıqlanıb

Bakı. Trend:

Azərbaycanda sürüşmə zonalarının yeni xəritəsi ilin sonuna qədər
müvafiq qurumlara təsdiq olunması üçün təqdim olunacaq. Sürüşmə
zonalarının sonuncu xəritəsi 2015-ci ilin mart ayında Nazirlər
Kabineti tərəfindən təsdiq olunub.

Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat
Agentliyinin rəisi Əli Əliyev bildirib.

O bildirib ki, həmin xəritədə sürüşmə zonalarının koordinatları
göstərilməklə ərazi olaraq konturlanıb.

“Ötən illər ərzində yenə yeni sürüşmə sahələri yaranıb, hansı
ki, xəritələrdə o yoxdur. Ölkəmizdə 99 lokal sürüşmə sahəsi
xəritədə var idi. Artıq bu il müəyyən edilmiş 46 lokal sürüşmə
sahəsinin xəritələnməsinə başlanılıb.

Bu ilin əvvəlindən 12 sürüşmə sahəsini xəritələmişik və proses
davam edir. Bu yerlər Astara, Lerik və Lənkəran rayonları
ərazisindədir. Mütəxəsisslərimiz sürüşmə zonalarının xəritələməyə
ilk olaraq cənub zonasından başlayıb. Çünki sürüşmə zonalarının
çoxu cənub bölgəsindədir. Yeni xəritədə 99 deyil, 145 lokal sürüşmə
sahəsi ola bilər. Lakin bu rəqəm də dəyişə bilər. Çünki işin
gedişində əlavə sahələr də xəritələnə bilər”, – deyə o qeyd
edib.