Advertisement

“Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərə hökm oxundu

Bakı. Trend:

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun
öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev
və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, bu gün
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi
ilə keçirilən prosesdə Müşviq Atakişiyev son söz deyib. O, son
sözündə məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edib.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir
Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət
Quliyev və Samir Quliyevin hər birinin 15 il azadlıqdan məhrum
edilməsini istəyib.

Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi
Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr
2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış
cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri
nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa
edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində
işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu
Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə
Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən
edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və
işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin
qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun
öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi,
sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə
maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi
həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən
sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən
idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş
və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb
olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi)
Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə
təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci
(sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində
cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət
işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq
Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür
Universiteti 2017-ci ildə ləğv edilib.