
Bakı. Trend:
İstixana qazlarının emissiyasının azaldılması məqsədilə inkişaf
edən ölkələrə maliyyə yardımı ayırmaq zəruridir
Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın energetika
nazirinin müavini Elnur Soltanov (COP29 Azərbaycan üzrə baş icraçı
direktor ) “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumat
verib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələr karbon büdcəsinin 80
faizindən istifadə edərək inkişaf ediblər (yəni, iqtisadiyyat
karbon dioksidinin böyük tullantıları ilə inkişaf edib), lakin indi
onlar istixana qazlarının emissiyasının azaldılması ilə təbiətə
dəyən ziyanı mümkün qədər azaltmağı düşünürlər.
“Lakin inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələr kimi
imkanları yoxdur, iqlim tədbirləri üçün maliyyə imkanları yoxdur,
onlara maliyyə yardımı göstərilməlidir. Bu, Azərbaycanda COP29
müzakirə olunan məsələlərdən biri olacaq. Azərbaycanda COP29
keçirilməsi ölkənin üzərinə böyük məsuliyyət qoyur və növbəti
yüzillikdə daha bir belə fürsətin yaranacağını təsəvvür etmək
mümkün deyil”, – deyə Soltanov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan hökumətinin öhdəliklərindən biri
milli öhdəliklər (NDC) çərçivəsində karbon dioksid tullantılarının
40 faiz azaldılmasıdır.
“Ümumiyyətlə, iqlim problemlərinin həlli normal həyat
fəaliyyətinə ziyan vurmaqla həyata keçirilməməlidir və biz buna
iqtisadi və sosial inkişaf modellərini tətbiq edərək nail olmağa
çalışmalıyıq”, – deyə Soltanov əlavə edib.
Onun sözlərinə görə, ölkədə metan tullantıları və bütün növ
tullantılar problemini həll etmək, tullantıları elektrik enerjisi
və ya faydalı məhsullar istehsalı ilə emal etməyə çalışmaq
lazımdır.
Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in
ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul
olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən
70-80 min xarici qonağı qarşılayacaq.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin
Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına
nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin
fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri
1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.



























