
Bakı. Trend:
Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
tərəfindən (AHİK) müasir müstəqil Azərbaycanın banisi Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə
respublikanın regionlarında yaşayan 4200
aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla
yüklənmiş avtomobil karvanı yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin
kateqoriyadan olan 1250 ailəyə də bayram
sovqatları verilir.
Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu
ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan
ailələrə ərzaq yardımları göstərirlər.
Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib
ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı
ilə yanaşır, bütün bayramlarda, dövlətimiz üçün digər əlamətdar
günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif
tədbirlər həyata keçirir, o cümlədən sovqatlar, hədiyyələr verir:
“Bu, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi
sosial siyasətə bilavasitə dəstək xarakteri daşıyır. Bu gün
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101 ili tamam
olur. Bu münasibətlə ölkəmizin hər yerində tədbirlər keçirilir.
Ötən il isə Ulu Öndərimizin 100 illiyi böyük təmtəraqla xalqımız və
dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olundu. Eləcə də
dünyanın müxtəlif ölkələrində bu münasibətlə silsilə tədbirlər
keçirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarıq ki,
2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Çünki Ulu Öndərimizin
ideyaları, siyasi irsi daim yaşamalıdır, təbliğ olunmalıdır. Hər
kəs, o cümlədən də gələcək nəsil bilməlidir ki, bugünkü qüdrətli
Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin üzərində
bərqərar olub. AHİK və üzv təşkilatları da “Heydər Əliyev İli” ilə
bağlı tədbirlər planı hazırlayıb həyata keçirdi. Bütün ilboyu davam
edən tədbirlərimiz həmkarlar ittifaqlarının mövcud olduğu bütün
idarə, təşkilat və müəssisələrdə baş tutdu”.
Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin doğum günü həm
dövlətimiz, həm də xalqımız üçün əlamətdar bir gündür: “Çünki o,
Azərbaycan yolunda bütün ömrünü xərcləyib. Onun xalqımızın və
dövlətimizin həyatında gördüyü işlərə baxanda bir daha əmin oluruq
ki, Heydər Əliyev bizim sərvətimizdir, qismətimizə düşmüş ALLAH
payıdır. Biz Heydər Əliyevin böyüklüyünü və əzəmətini zaman
keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrünü Vətənə və
xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndiririk. Odur ki,
belə əziz bir gündə istədik ki, Ulu Öndərimizin bizə miras qalan
qiymətli və müqəddəs tövsiyələrinə sadiq qalaraq şəhidlərimizin
ailə üzvlərini, qazilərimizi bir daha yad edək, onlara maddi-mənəvi
dəstək olaq. Bu, hər birimiz üçün ali missiyadır”.





























