
Bakı. Trend:
BMT-nin COP29 barəsində öhdəliyi nəticələri uzunmüddətli
xarakter daşıyacaq bu mühüm proseslə əlaqədar Azərbaycanı
dəstəkləməkdən ibarətdir.
Trend xəbər verir ki, bu
barədə bu gün BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva Bakıda “PAŞA Holding” və BMT-nin keçirdiyi “29
İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumat verib.
Onun sözlərinə görə, BMT ekspertləri konfransın uğurlu olması və
iştirakçılarının “iqlim missiyasını” dərk etmələrini təmin etmək
üçün bütün səylərini göstərəcəklər.
Andreyeva həmçinin planetdə istiləşmənin 1,5 dərəcəyə çatdığını
və nəsillər qarşısında öhdəlikləri yerinə yetirməyin və belə bir
temperatur çərçivəsində qalmağın çox aktual bir məsələ olduğunu
qeyd edib.
“İstixana qazlarının emissiyasını 45 faiz azaltmalıyıq”, – deyə
Andreyeva vurğulayıb.
O qeyd edib ki, COP30 Braziliyada keçiriləcək və Bakıda COP29-da
keçiriləcək iclasda qəbul olunanlar sonrakı iqlim konfranslarına
təsir edəcək, çünki bu davamlı prosesdir.
“COP29 iqlim dəyişikliyi sahəsində bir sıra əməllərin həyata
keçirilməsi üçün tədbirlər görməyə imkan yaradır. Biz müvafiq model
və strategiyalar hazırlayırıq”, – deyə Andreyeva əlavə edib.
Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in
ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul
olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən
70-80 min xarici qonağı qarşılayacaq.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin
Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına
nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin
fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri
1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.



























