
Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların
qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə, elektron
ərizələrin qəbulu 31 iyul 2024-cü il tarixinədək internet
vasitəsilə aparılır.
Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının
ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan
(kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və
parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə
daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq
edirlər.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət
elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə
daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta
ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək.
Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul
şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın
şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək.
Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq
etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu
məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon
nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə,
həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları”
bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar
müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən
ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar
28 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki
qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın
vaxtlarda başlayacaq və mayın 28-dək davam edəcək. Subbakalavrlar
qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib
qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət
imtahanlarında iştirak ödənişlidir.
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında
iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə
bilərlər.
1989-2006-cı il təvəllüdlü (01.05.2006-cı il tarixinədək anadan
olmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektron
ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət
keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad
edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya
müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
(SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.
30.04.2006-cı il tarixindən sonra doğulmuş və ya 35 yaşı tamam
olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron
informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının
SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil
müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan
verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək
istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq)
ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.





























