Advertisement

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmob keçirilib

Bakı. Trend:

İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına,
yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin
mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək
məqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir araya
gəlib.

İştirakçılar Bakının Müşfiqabad qəsəbəsində Abşeron
yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı və
zeytun ağacı əkib.

Ağacəkmə aksiyasından sonra könüllülərin iştirakı ilə
Azərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbər
tədbiri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
həsr olunan fləşmob nümayiş etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyası və fləşmob COP29 Azərbaycan
Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən birgə təşkil
olunub. Tədbirdə dövlət orqanlarının, özəl təşkilatların, vətəndaş
cəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllülər
iştirak edib.