Advertisement

Ulu Öndərin 101 illiyi münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (VİDEO)

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101
illiyi münasibətilə müdafiə naziri general-polkovnik Zakir
Həsənovun tapşırığına əsasən, mayın 10-da Azərbaycan Ordusunda
silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, plana uyğun olaraq,
ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar
təşkil olunub, tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli
filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar,
mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, Ulu
Öndərin abidəsi ziyarət olunub.

Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici
ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının
nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin və
respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan
Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi
orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və
çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial,
mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünya
miqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi ilə
xatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə
onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində
Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu
prosesinin qanuni əsaslarla həyata keçirildiyi diqqətə
çatdırılıb.

Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu
quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji
və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii
kompozisiyalar təqdim edilib.