Bakı. Trend:
Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr
üzrə hər uşağa bir dəfə müsahibə vermək imkanı yaradılır.
Trend xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
sektor müdiri Tural Mahmudov deyib.
O bildirib ki, uşaq üzrlü səbəbdən (xəstəliklə bağlı və s.)
müsahibədə iştirak edə bilmədikdə bu haqda arayış təqdim
etməlidir:
“Arayış təqdim edən şəxslər üçün yay aylarında təkrar
müsahibənin keçirilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi
təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna
başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün
şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və
proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə
aparılır.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın
13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan
bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə
müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən
sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. 1-ci sinfə
elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə
ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.
Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq
qrupundan avtomatik olaraq I sinfə keçirilib.





























