Bakı. Trend:
Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə
edilir. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur.
Bahalaşmanı taksi sürücüləri də təsdiqləyirlər.
Məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert
Elməddin Muradlı bildirib ki, yeni qərar qiymət artımına təsir
edib.
“Taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ci
illərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb.
Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələli
şəkildə tətbiq ediləcək. Bununla taksi fəaliyyəti ilə məşğul olan
şəxsdən yeni avtomobildən istifadə edilməsi tələb olunacaq. Həmin
şəxslər məcburən ili təzə olan avtomobil almalı olacaq.
Belə avtomobillər də bahadır. Bütün bu xərclərin qarşılığında
taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq
istəmir. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas,
VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə
qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır. Taksi
sürücülərini də qınamaq olmaz”, – o bildirib.
Ekspert qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasında
deyil.
“Yaxın zamanlarda bu problemin həllini gözləmək olmaz. Bu
proseslər paralel şəkildə aparılsaydı, daha yaxşı nəticə əldə etmək
olardı. Qəbul edilən qərarlar və qanunlar fonunda taksi fəaliyyəti
ilə məşğul olanlar azalır. Bu qərarlar dünyanın bir çox ölkələrində
tətbiq edilir. Lakin orada ictimai nəqliyyat yüksək səviyyədə
fəaliyyət göstərir və çeşidləri çoxdur.
Əvvəllər taksi ilə 5 manata gedə biləcəyimiz məsafəni indi 8
manata gedirik. Bu da çox ciddi rəqəmdir və taksi xidmətinin
bahalaşmasının əyani göstəricisidir”, – deyə o qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin
daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki
göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i
təsdiqləyib.





























