Bakı. Trend:
Sosial Xidmətlər Agentliyi probasiya nəzarətində olan daha 33
nəfərə sosial-psixoloji yardım xidməti göstərəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən xəbərə görə, Sosial
Xidmətlər Agentliyi probasiya nəzarətində olan (şərti məhkum
edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya
məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış) şəxslərin
sosial mühitə adaptasiyası istiqamətində fəaliyyətini davam
etdirir.
Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq
çərçivəsində təşkil edilən növbəti tədbirdə iştirakçılar Agentliyin
fəaliyyət istiqamətləri, bu kateqoriyadan olan şəxslərin sosial
reabilitasiyası və onların əhatə olunduğu sosial dəstək tədbirləri
barədə məlumatlandırılıblar.
Görüş zamanı hər iki qurumun əməkdaşlarının iştirakı ilə
məhkumların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb və
təkliflər səsləndirilib.
Sonra probasiya nəzarətində olan 33 nəfərin anket sorğusu
əsasında qiymətləndirilməsi aparılıb. Nəticələrə uyğun olaraq
onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə
tutulur.





























