
Bakı. Trend:
İşğaldan azad olunmuş Şuşa ilk sakinlərini bütün Azərbaycan
xalqı üçün son dərəcə əlamətdar bir gündə qəbul etdi. May ayının
10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü
günündə Ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib
və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu gözəl tarixi hadisə
münasibətlə şuşalıları təbrik edən dövlət başçısı sakinlər
qarşısında çıxış edərək bir daha bildirdi ki, 2003-2020-ci illər
ərzində torpaqlarımızı işğaldan azad etmək və bütün keçmiş
köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün ciddi hazırlıq işləri
aparıldı, ölkənin iqtisadiyyatı gücləndirildi, möhtəşəm ordu
potensialı yaradıldı. Torpaqlarımızı öz canı-qanı bahasına azad
edən gənc nəsil yetişdirildi. Azərbaycan xalqı göstərdiyi misilsiz
qəhrəmanlıq və fədakarlıq sayəsində bütün dünya xalqlarının
hörmətini qazanıb.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat Prezident İlham Əliyevin uzun illər ərzində
torpaqlarımızın işğaldan sülh yolu ilə azad olunması üçün bütün
vasitələrdən istifadə etdiyini xatırladıb: “Ermənilər hesab
edirdilər ki, onlar Azərbaycan torpaqlarını əbədi işğalda saxlaya
biləcəklər. Onlarda bu əminliyin yaranmasında ermənilərin
havadarlarının, daha dəqiq desək, Cənubi Qafqazda öz maraqları
naminə Ermənistanı marionet ölkə kimi yönəldən qüvvələrin də böyük
rolu olmuşdu. Lakin nə onların təhrikləri, nə də ermənilərin öz
“məğlubedilməzlikləri” barədə miflərə inanmaları nəticə verdi.
Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və
öz haqqını döyüş meydanında bərpa etdi. Vətən müharibəsinin
gedişində məhz Şuşanın azad edilməsi müstəsna əhəmiyyət kəsb edən
qələbə oldu. Dövlət başçımızın dediyi kimi, bu qələbə düşmənin
belini qırdı. Məhz Şuşanın azad edilməsindən sonra ermənilər
anladılar ki, daha müqavimət göstərmək iqtidarında deyillər və
ondan sonra, 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan
kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”
K.Qafarov bir faktı da qeyd edib ki, Prezident İlham Əliyev
Şuşasız qələbəmizin tam olmayacağı fikrini daim ön plana çəkirdi:
“Dövlət başçımız Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində
davamlı olaraq dünyanın aparıcı media qurumlarına müsahibələr
verirdi. Bu müsahibələrdən birinin gedişində cənab Prezident qəti
və birmənalı olaraq bildirdi ki, Şuşasız bizim işimiz yarımçıq
qalacaq. Artıq bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan
hərbi əməliyyatlar dayanmayacaq. Şuşasız müharibənin uğurla başa
çatması mümkün deyildi. Daha sonra- keçən ilin sentyabr ayında
Azərbaycan heç bir kənar qüvvə ilə hesablaşmadan keçirdiyi
antiterror əməliyyatı nəticəsində öz tarixi, əzəli torpaqlarını
işğalçılardan azad etdi. Dünya bir daha dövlətimizin gücünü,
Azərbaycan Prezidentinin yenilməz siyasi iradəsini gördü. Bununla
da Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bu gün
Şuşanın yeni tarixi yazılır. Bu gün bütün dünya cənab Prezident
İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa etdiyi müraciətində
Şuşanın dirçəldiləcəyi barədə dediyi sözlərin necə gerçəkliyə
çevrildiyinin şahididir” .
—





























