
Bakı. Trend:
Mayın 13-də Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı öz
işinə başlayıb.
Trend xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Təhsil
İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və
Mədəniyyət Təşkilatı (ISESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans
“PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər”
mövzusuna həsr olunub.
Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər,
Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya,
Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman
Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə
qatılıb.
Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz
unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun
qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna
biləcək əsas məqamları və ən yaxşı təcrübələri
müəyyənləşdirməkdir.
Konfrans hazırda öz işini davam etdirir.





























