Bakı. Trend:
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə parlament
binası qarşısında və ətraf küçələrdə keçirilən mitinqin
təşkilatçılarına və iştirakçılarına müraciət edib.
Trend xəbər verir ki, nazirlik aksiyanın təşkilatçılarını və
iştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarını
təmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaq
və öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağa
çağırıb.
Bildirilib ki, əks halda, polis qanuni səlahiyyətləri
çərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polis
qüvvələri tərəfindən təmizlənməsini təmin edəcək.
Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında”
qanun layihəsinə etiraz edən insanlar mayın 12-dən növbəti mitinq
təşkil ediblər. Onlar mayın 13-də səhər saatlarında Hüquq
məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü
oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli
prospektində parlamentə gediblər və orada gecələyiblər.
Bütün gecə boyu davam edən aksiyalar zamanı polis parlamentin
binası qarşısında 2 nəfəri saxlayıb. Parlamentin yaxınlığındakı
Çiçinadze küçısində isə polis asayişi pozmağa çalışan aksiya
iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Aksiyaçılar polisə qarşı dəmir, şüşə və digər əşyalarla xəsarət
yetirməyə cəhd ediblər.
Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.
Prezident Salome Zurabişvili, ölkə müxalifəti, ABŞ və Qərb
diplomatları onun əleyhinə çıxış edirlər. Onlar qanunun Avropa
İttifaqına inteqrasiyata maneə olduğunu iddia edirlər.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri
isə bildirib ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın
xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə
xidmət edir.





























