
Bakı. Trend:
Son illərdə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi
sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha
təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı bu
məhsulların geniş ixracı üçün də imkanlar yaradıb. Ölkəmizdə
istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb və bəzi
qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə
olunub.
Trend xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və
innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev “Caspian Agro” və
29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan”
sərgilərinə həsr olunmuş mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, ölkəmizdən Avropa İttifaqına akvakulturada
yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin
ixracına icazələr əldə edilib.
“Qazaxıstana atların ixracı bərpa olunub, Rusiya Federasiyasına
ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin, Avropa
İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çin Xalq
Respublikasına quş əti və digər quşçuluq məhsullarının ixracına
nail olunub.
Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz
fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşması və istehsal
olunan məhsulların təhlükəsizlik və kefiyyət göstəricilərini
yaxşılaşdırması ilə mümkün olmuşdur. Bu istiqamətdə Agentlik hər
zaman sahibkarlara metodiki dəstək göstərir və qanunvericilik
çərçivəsində səmərəli fəaliyyətin qurulması üçün tənzimləmə
tədbirlərini həyata keçirir.
Yeri gəlmişkən qeyd edim ki, sərgidə Qida Təhlükəsiszliyi
Agentliyinin maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim
olunacaq. Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları
maraqlandırın bütün məsələlərlə bağlı yaxınlaşıb ətraflı
məlumatları əldə edə bilər”, – deyə o bildirib.





























