
Bakı. Trend:
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların
ləğv edilməsinin vaxtıdır.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın
14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici,
Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin
aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində
olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun
həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması,
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin
geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in
Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi
də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət
göstərib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və
gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin
edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin
tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı
qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan
bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu
məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması
üçün hər hansı bir səbəb görünmür.





























