Advertisement

Köndələnçaydakı su anbarı nə qədər ərazini su ilə təmin edəcək? – AÇIQLAMA (FOTO)

Füzuli. Trend:

Prezidentin izi ilə Füzuli rayonuna təşkil olunan media tura
start verilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, media nümayəndələri ilk
olaraq Füzulidə Prezident İlham Əliyev tərəfindən açılışı olan
Köndələnçay su anbarları kompleksində olublar.

Media nümayəndələrinə məlumat verilib ki, Füzuli rayonu
ərazisində, 1962-ci ildə istismara verilən Köndələnçay çayının
məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı
həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 və
1951-ci ildə istismara verilən ümumi su tutumu 2,1 milyon kubmetr
(faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metr olan
Köndələnçay-2 su anbarlarında təmir-bərpa işləri həyata
keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Atakişi
Babayev bildirib ki, məqsəd bəndin qurğularının və mexaniki
avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı
istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

“Köndələnçay-1 su anbarında layihə əsasında torpaq bəndin yuxarı
byefində dağıdılmış berman və bütün bənd boyu beton üzlüyü, qülləli
suburaxıcı-sutullayıcının estakadası və çıxış hissəsi, eni 6 metr,
uzunluğu 283 metr olan səthi sutullayıcı yenidən bərpa olunub.
Köndələnçay-2 su anbarında isə daş örtüklü torpaq bəndin yuxarı
byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət
ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının
dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan
siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun
beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının
dəmir-beton üzlüyü yenidən qurulub.

Həmçinin, hər iki su anbarında gözətçi evi və çirkab su
quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi,
ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb”.

Agentliyin əməkdaşı onu da qeyd edib ki, 1980-ci ildə istismara
verilən, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon
kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarında da
təmir-bərpa işləri həyata keçirilib.

“Bu su anbarında da daş örtüklü torpaq bəndin yuxarı byefində
çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü
cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan
elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün
mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və
beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi
sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və
hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və
elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu
tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək”.

Agentliyinin əməkdaşı bildirib ki, su anbarları Füzuli rayonu
ərazisində ümumilikdə 6300 hektar əkin sahəsinin suvarılmasına
xidmət edir:

“Su anbarları ümumilikdə 6300 hektar ərazinin suvarılmasına
xidmət edir. Bundan 5080 hektarı işğaldan azad edilmiş əraziyə
düşür. Hazırda bu su anbarları vasitəsilə Füzuli rayonu ərazisində
suvarma işləri həyata keçrilir. İşğal dövründə su anbarları bərbad
vəziyyətdə idi. Qış aylarında anbarın suyunu buraxırdılar. Yay
aylarında suvarmaya ehtiyac olan vaxtda isə suyu
buraxmırdılar”.