
Bakı. Trend:
Əsas məqsədimiz “Made in Italy” məhsullarını Azərbaycanda
tanıtmaqdan ibarətdir.
Trend xəbər
verir ki, bu barədə İtaliya Kənd Təsərrüfatı Texnikası
İstehsalçıları Assosiasiyasının baş direktor müavini Fabio Riççi
Azərbaycan-İtaliya biznes forumu çərçivəsində jurnalistlərə
deyib.
“Bundan başqa, Azərbaycana texnika istehsalında, yəni kənd
təsərrüfatı texnikasının mexanizasiyasında, eləcə də kənd
təsərrüfatı məhsullarının emalında kömək göstəririk. Həmçinin,
saxlama və soyutma sistemləri ilə təmin edirik”, – deyə o
bildirib.
Fabio Riççi əlavə edib ki, Azərbaycan İtaliya Kənd Təsərrüfatı
Texnikası İstehsalçıları Assosiasiyasının avadanlıq ixrac etdiyi
180 ölkə sırasına daxildir.
Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə
təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb
edilməsinə həsr olunmuş tədbir keçirilir.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət
göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,
eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının
və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)























