Advertisement

Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurub? – AÇIQLAMA

Bakı. Trend:

Son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağmasının
kənd təsərrüfatının məhsuldarlığına heç bir ziyanı yoxdur.

Bunu Trend-ə Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, yaz yağışının təsərrüfatlara heç bir ciddi ziyanı
yoxdur.

“Ola bilsin, ot biçilibsə, müəyyən ot sahələrinə ziyan vursun.
Ancaq ümumilikdə heç bir ziyanı yoxdur. Çünki bu yağışlar
uzunmüddətli deyil, bir gün yağır, səhəri gün çıxır.

Əslində, bu yağış təsərrüfatlara xeyirdir. O zaman ziyan verərdi
ki, bu yağışlar bir neçə gün davam etsin. O zaman bitkilərin, o
cümlədən, pambığın dibi çürüyə bilərdi. Digər bitkilərin inkişafına
mane ola bilərdi. Ancaq indiki halda bu yağışların xeyri var”, –
deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə, bu yağışlar həm də su ehtiyatının
yığılmasıdır.

“Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da su
çatışmazlığı var, su ehtiyyatları məhduddur. Xüsusilə yay
aylarında, yazın axırlarında təsərrüfatlar suvarma suyundan ciddi
korluq çəkir. Ancaq bu yağışlar yerin qatında su təbəqəsi yaradır
və sözsüz ki, bu, xeyli müddət bitkilərin qidalanmasına kömək edir.
Əgər sel, daşqınlar varsa, bunlar təsərrüfatlara ciddi ziyan vura
bilər. Ancaq bu cür yağışlar faydalıdır”, – deyə o əlavə edib.