Advertisement

Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Çin Xalq
Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay
Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq
üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə
heyəti mayın 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli
Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil
qoyub.

Trend xəbər verir ki, sonra
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər
çiçəklər düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət
olunub.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr
edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və
şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat
verilib.