Advertisement

İsrail iş adamları Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar – Elina Bardaç-Yalova (Müsahibə) (FOTO)

Bakı. Trend:

İsrail iş adamları Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda
maraqlıdırlar.

Bu barədə Trend
özəl müsahibəsində “Adassa” Akademik Kollecinin və “Beqin-Sadat”
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Elina Bardaç-Yalova
deyib.

“İndiyədək yüksək texnologiyalardan tutmuş tibbə qədər müxtəlif
sahələrdə ünsiyyət qurmaq imkanı əldə etdiyim bütün israilli iş
adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa maraq göstərirlər.
Bundan əlavə, Azərbaycana konfransa getdiyimi bilənlər məndən xahiş
edirlər ki, müəyyən bir sahədə imkanlar barədə məlumat əldə edim.
Təsdiq edə bilərəm ki, istisnasız olaraq hamı Azərbaycanda, o
cümlədən işğaldan azad edilmiş torpaqlarda işləməyə maraq göstərir.
Fəaliyyət dairəsini genişləndirmək imkanı yarandıqda, istər yüksək
texnologiya, istər tibb sənayesi olsun, istisnasız olaraq hamı
Azərbaycan bazarına daxil olmaqda maraqlıdır”, – deyə o
bildirib.

Onun sözlərinə görə, Azərbaycanda İsrail şirkətləri arasında
rəqabət əhəmiyyətlidir. “İri İsrail korporasiyaları bir ildən
artıqdır ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Mən
uzun müddətdir burada olan şirkətləri tanıyıram. Məsələn, pilotsuz
uçuş aparatlarının istehsalında ixtisaslaşan “Aeronautics” kimi bir
şirkət var”, – deyə E.Bardaç-Yalova əlavə edib.

Bakı ilə Təl-Əviv arasında potensial əməkdaşlığın konkret
istiqamətlərindən danışan E.Bardaç-Yalova qeyd edib ki, israilli iş
adamları kənd təsərrüfatı, İKT və tibb sahələrində əməkdaşlığa
xüsusi maraq göstərirlər:

“Kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi danışıqlarda şəxsən
mən iştirak etmişəm. Biz bu sahədə mümkün əməkdaşlığı, o cümlədən
Qarabağda kənd təsərrüfatının inkişafını müzakirə etdik. Quru və
dağlıq ərazilərdə əkin sahələrinin becərilməsi, torpaqların
suvarılması məsələlərinə baxılıb. İsrailin informasiya
texnologiyaları sektoru da Azərbaycan bazarına böyük maraq
göstərir. Azərbaycan bazarına daxil olmaq və İsrail bazarına
azərbaycanlı tərəfdaşları daxil etmək istəyən İsrailin bir çox İT
şirkətləri ilə əlaqə saxlamışam. Həmçinin su ehtiyatları ilə bağlı
çoxlu müzakirələr aparılıb və Azərbaycanda, xüsusən də Qarabağda
işləməyə maraq son dərəcə yüksəkdir. Mən anladığım qədər bu
ərazilərdə ciddi təmir işləri aparılır ki, bu da İsrail şirkətləri
üçün imkanlar açır. Ona görə də bütün bu məsələlər həm dövlət
sektorunu, həm də özəl strukturları maraqlandırır”.

E.Bardaç-Yalova qeyd edib ki, İsrail şirkətləri tibb sahəsində
əməkdaşlığa böyük maraq göstərirlər:

“Mən bilirəm ki, bir çox xəstəxanalar təkcə tibbi avadanlıqlar
sahəsində deyil, həm də azərbaycanlı tələbələrin hazırlanmasında
əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan tərəfi də bizim qabaqcıl
texnologiyalara və ixtisaslı mütəxəssislərə malik olduğumuzu nəzərə
alaraq buna böyük maraq göstərir. Kadr çatışmazlığı səbəbindən
digər ölkələrdən həkimləri tibb sahəsinə fəal şəkildə cəlb edirik.
Bu həm İsrail, həm də Azərbaycan tərəfi üçün böyük maraq
doğurur”.

E.Bardaç-Yalova, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyinin
açılmasının iki ölkə arasında münasibətlərdə əlamətdar hadisə
olduğunu vurğulayıb:

“İsrail ilə Azərbaycan arasında dostluq qrupunun keçmiş rəhbəri
kimi deyə bilərəm ki, bütün bu illər ərzində əlaqələrimiz fəal
şəkildə inkişaf edir. Azərbaycanın İsraildə səfirliyinin açılması
ilə bağlı Azərbaycan tərəfi ilə apardığımız danışıqları
xatırlayıram. İsrail üçün bu, əlamətdar hadisə olub. Azərbaycanın
strateji və geosiyasi mövqeyini nəzərə alsaq, bu, bizim üçün də
böyük əhəmiyyət kəsb edirdi. Mən təsdiq edə bilərəm ki, bu, İsrail
hökumətini Bakı ilə ikitərəfli danışıqları stimullaşdırdı. İştirak
etmək imkanım olan Azərbaycan tərəfi ilə bütün görüşlərdə hər iki
tərəfdən əməkdaşlığı fəal şəkildə təşviq edən iş adamları iştirak
edirdilər”.

Y.Bardaç-Yalova qeyd edib ki, bu, ikitərəfli münasibətlərin
inkişafının sürətlənməsinə töhfə verib:

“Bəzi şirkətlərin bazarı tərk etməsi və indi geri qayıtmağa
çalışması səbəbindən İsrail son vaxtlar hava nəqliyyatı və
uçuşlarda ciddi problemlər yaşayıb. Onlar may ayında
qayıdacaqlarına söz verdilər, sonra fikirlərini dəyişdilər və s. Bu
səbəbdən uçuşlarda böyük çətinliklər yarandı. Mən bu yaxınlarda
Azərbaycan aviaşirkətinin reyslərindən birində uçdum və hər şey
saat mexanizmi kimi işləyirdi. Bu, həqiqətən də münasibətlərimizdə
əlamətdar bir məqamdır”.

Sonda Elina Bardaç-Yalova Azərbaycan və Ermənistan arasında
sərhədin delimitasiyası prosesi ilə bağlı davam edən danışıqların
əhəmiyyətinə toxunub:

“Biz hesab edirik ki, Azərbaycan nə etdiyini tam olaraq bilir.
Və əgər o, bu cür addım atırsa, düzgündür. Ona görə də biz hazırda
regionda baş verən hadisələri fəal şəkildə izləyirik. Azərbaycan
bizim üçün təkcə dost deyil, həm də geosiyasi maraqlarımızı nəzərə
alsaq, mühüm geosiyasi müttəfiqdir”.