
Bakı. Trend:
“Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının
təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın tərəfdaşlığı və məşhur fotojurnalist Reza Deqatinin
təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.
Trend xəbər verir
ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan
xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri
olub. Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq
üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar
verib.
“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini
gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına
köçürdüm. O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün
bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün
dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür”,
– deyə o bildirib.
Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi
bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də
səsi olmağı missiya kimi öz üzərinə götürüb.
Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər
hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin “Time”, “The New
York Times”, “The Washington Тimes”, “The Washington Post”,
“ВВС1News”, “The Independent,” “Le Monde”, “Newsweek”, “The Sunday
Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe”
“Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının
soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.
Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş
Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və
operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli
kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist
Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda
göstərilib.
Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız,
ingilis və rus dillərində olmaqla, 4 dildə hazırlanıb. Gələcəkdə
saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.
Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı
qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər
insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına,
yaxınlarını tanımasına yardımçı olmaqdır.





























