Advertisement

AYİB 2024-cü ildə Azərbaycanda daha güclü artım proqnozlaşdırır

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son Regional
İqtisadi Perspektivlər hesabatında Azərbaycanın iqtisadi artımının
2023-cü ilin ortalarından 2024-cü ilin birinci rübünə qədər sürətlə
artdığı bildirilib.

Trend xəbər verir ki, bank inflyasiya təzyiqləri azaldıqca,
ölkənin iqtisadi artımı ilə bağlı proqnozunu 2024-cü ildə 3,1 faizə
(keçən il proqnozlaşdırdığı 2,4 faizdən) yüksəldib.

Hesabata əsasən, 2025-ci ildə artımın cüzi azalaraq 2,7 faiz
olacağı gözlənilir:

“Son artıma Avropanın Azərbaycanın neft və qazına olan
tələbatının artması təsir etmişdir. Bununla yanaşı, dövlət sektoru
xərcləri və investisiyaların da artması gözlənilir.

2023-cü ildə enerji qiymətlərinin yumşaldılması nəticəsində
artım 1,1 faizə enmişdir və bu, neft və qaz ixracı gəlirlərinin
təxminən 40 faiz azalmasına səbəb olub.

Ölkənin neft hasilatının azalmasına baxmayaraq, cari hesabın
profisiti rahat səviyyədə qalıb, illik inflyasiya isə 2024-cü ilin
mart ayında 0,4 faizə düşüb. İnflyasiyanın azalması Azərbaycanın
Mərkəzi Bankına uçot dərəcəsini 7,5 faizə endirməyə imkan
verib”.

AYİB iqtisadçılarının fikrincə, Azərbaycan iqtisadiyyatı üçün
əsas risklər neft qiymətlərindəki dalğalanmalara və regional
geosiyasi vəziyyətə qarşı həssaslıqla bağlıdır.

AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər
Bank orada 189 layihəyə 3,75 milyard avrodan çox sərmayə qoyub və
ölkəyə iqtisadiyyatını şaxələndirməyə və yaşıl iqlim hədəflərini
dəstəkləməyə kömək edir.