Advertisement

“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimi keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimi
keçirilir.

Trend xəbər verir ki, Bakıda ikinci dəfə Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi
və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və
panel iclaslarının yer alması gözlənilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılır.

Tədbirdə çıxış edən GSMA şirkətinin normativ-hüquqi tənzimləmə
üzrə direktoru Con Custi bildirib ki, Azərbaycan
texnologiya sahəsində regional liderə çevrilib.

“Bakıda cəmi 30 il bundan əvvəl ilk internet bağlantısı
quraşdırıldı. Həmin vaxtdan etibarən ölkə texnologiya, innovasiya
və sahibkarlıq sahəsində regional liderə çevrilib”, – deyə o
bildirib.

Onun sözlərinə görə, bu gün Yer kürəsi əhalisinin 95 faizi
(yaxud 5,6 milyard nəfər) mobil şəbəkə ilə əhatə olunub.

O, həmçinin, qeyd edib ki, bütün dünyada süni intellekt və digər
yeni texnologiyalar artıq cəmiyyətə dərin təsir göstərməklə
müəssisələrin məhsuldarlığını artırmağa imkan verir və hökumətlərin
daha ciddi problemlərdən bəzilərini həll etməsinə kömək edir.

Bundan başqa, Custi rəqəmsal sektorun iqlim dəyişmələri ilə
mübarizədə birləşməyə çalışmalı olduğunu qeyd edib.

“Bu gün dünya sənayesinin təqribən üçdə ikisi karbon qazı
tullantılarının azaldılması üzrə qətiyyətli addımlar ataraq
qısamüddətli iqlim islahatlarının keçirilməsi ilə bağlı öhdəlik
götürüb”, – o deyib.

O, həmçinin, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29
konfransı ilə əlaqədar olaraq, GSMA-nın Azercell-lə əməkdaşlığına
şad olduğunu əlavə edib.

Huawei Yaxın Şərq və Mərkəzi Asiya Regionu Carrier Business
Group-un prezidenti Aleks Xu isə qeyd edib ki,
rəqəmsal iqtisadiyyatı inkişaf etdirməyin yolu süni intellekt kimi
texnologiyalardan istifadə etməkdir.

“Cəmi 5 il ərzində 5G istifadəçilərinin sayı 1,5 milyardı keçib.
Bu da əvvəlki 4G-nin yayılma sürətindən daha çoxdur. Süni intellekt
bulud texnologiyalarının inkişafına əhəmiyyətli töhfə verir. 5G
hazırda genişləndirilir və qarşıdakı illərdə daha geniş sahələri
əhatə edərək keyfiyyəti artacaq. Bulud texnologiyasına gəldikdə,
buna keçidi mümkün qədər sürətlə etmək lazımdır.

Bizim strategiyalarımız texnologiya sahəsinə investisiyanı
artırmaqla əlaqələridir. 5G-nin gələcəyi investisiyadan asılıdır.
2025-ci ilə qədər müəssisələrin 86 faizinin süni intellektə
keçəcəyi təxmin edilir. Bir çox məsələlərdə süni intellektin
istifadəsi olduqca vacibdir. 2030-cü ilin rəqəmsal dövr olduğunu
düşünürük və gələcəyi texnologiya ilə quracağıq”,- deyə o
bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir
Məmmədov
isə bildirib ki, Azərbaycan rəqəmsallaşmaya çox
böyük önəm verir.

“Bu səbəbdən rəqəmsal inkişaf strategiyası hazırlanıb. Hər bir
ailədə internetə əlçatanlığın mümkünlüyü üçün çalışırıq. 2024-cü
ildə interneti bütün bölgələrə, xüsusən də ucqar bölgələrə
çatdırmağa çalışacağıq.

Mobil əlaqəliliyə gəldikdə isə “Azercell” çox gözəl şəbəkə
performansı göstərir. 300-dən çox baza qurmaqla öz internet
keyfiyyətlərini artırıb.

Digər bir layihəmiz isə dövlət qurumlarının bulud əsaslı
sistemlərinə keçididir. 100-dən çox dövlət qurumu məlumatları bu
sistemdə yerləşdirib. Kibertəhlükəsizlik sahəsində mərkəz qurulub
və növbəti illərdə 1000 nəfər kibertəhlükəsizlik sahəsində təhsil
alacaq”, – deyə S.Məmmədov bildirib.

Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransına
Microsoft, Google, Amazon Web Services, World Bank, e&
International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və
digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər
qatılıblar.