Advertisement

Sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirdi – Kərim Vəliyev

Xocalı.Trend:

3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və
ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı.

Trend xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah
rəisi general-polkovnik Kərim Vəliyevin Qarabağ iqtisadi rayonunda
Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr
olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və
Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanat
nəticəsində atəşkəsə nail olundu və 30 ilə yaxın davam edən Qarabağ
münaqişəsinə son qoyuldu.

“Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən
tapşırıq və vəzifələri yerinə yetirmiş, Qarabağ iqtisadi rayonu
ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini
əsirgəməmişdir.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı
davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi
rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar
edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli
antiterror tədbirləri keçirilmişdir. Bu tədbirlər nəticəsində
separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı
qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri
ölkə ərazisindən tam çıxarıldı.

Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi
tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin
missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul
edildi”, – deyə K.Vəliyev əlavə edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və
Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci
il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq
Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Rusiya
Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından
əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən
qərar qəbul edilmişdi. 10 noyabr bəyanatına əsasən isə sülhməramlı
kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci
ildə yekunlaşırdı.