Advertisement

Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb

Bakı. Trend:

Son günlər Cənubi Qafqazdakı proseslər sürətlənib. Geosiyasi
olaylarla geoiqtisadi məcradakı hadisələr bir-birləri ilə yarışa
girmiş təki cərəyan edir. Regiondan çox kənarda olan dövlətlər,
təşkilatlar və siyasətçilərsə merkantil maraqlarını təmin etmək
üçün malik olduqları bütün vasitələrdən faydalanmağa
çalışırlar.

Hadisələrin dinamikasında da dəyişikliklər var. İkinci Qarabağ
Müharibəsi başa çatan gündən ötən ilin sonlarınadək ABŞ, Fransa və
Avropa İttifaqı (Aİ) bölgədəki təsir imkanlarını maksimuma
çatdırmağın yollarını arayır, çeşidli ssenarilər hazırlayırdılar.
Azərbaycan və Türkiyənin monolit əməkdaşlığını, çox sıx müttəfiqlik
əlaqələrini öz maraqlarına təhlükə sayan dövlətlərlə təşkilatlar
tədricən aktivləşirdilər. Təbii ki, bilavasitə region dövlətləri
olan Rusiya və İran kollektiv Qərbin planlarını təxminlədiklərindən
Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin qarşısını almağa
çalışıblar və indi də bu proses davam edir.

Azərbaycan, Gürcüstan və Ermənistanda isə hadisələr tamamən
fərqli məcralardadır.

Cənubi Qafqazdakı vəziyyətə ötəri də olsa, nəzər salaq.

1. Azərbaycanın yürütdüyü xarici siyasət mövqelərin qorunması
ilə yanaşı, təsir rıçaqlarının genişləndirilməsinə və beynəlxalq
hüququn normativ əsasları çərçivəsində məqsədə çatmaq
strategiyasına əsaslanır. Qarabağlı ermənilərin separatizmi və
Ermənistanın işğalı ilə bağlı onillərdən bəri davam edən
problemləri həll edərək tarixin arxivinə yollayan rəsmi Bakı
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və
Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə
əsasən Qarabağ ərazisinə Rusiya Sülhməramlı Kontingenti (RSK)
yeridilmişdi.

RSK-nın statusu Azərbaycan parlamenti tərəfindən təsdiqlənməmiş
və ratifikasiya olunmamışdı: məhz bu səbəbdən Bakı rusiyalı
hərbçilərin fəaliyyət müddətlərinin başa çatacağı 2025-ci ildən tez
ölkədəqn çıxara biləcəyinə əmin idi.

Rəsmi Moskva və İrəvan isə tam əksinə, rusiyalı sülhməramlıların
Azərbaycan ərazisində mümknü qədər çox qalmaları üçün səlahiyyət
müddəti ilə bağlı anlaşmanın vaxtının uzadılmasına
(prolonqasiyasına) ümid edirdilər.

Amma bölgədə hadisələrin Moskvanın planlaşdırdığı məcradan
çıxması, Ermənistanın Qərbə inteqrasiya strategiyasını
pərdələməməsi situasiyanı dəyişdi. Rusiya Cənubi Qafqazdakı
effektiv təsir imkanlarını bütünlüklə itirməmək üçün RSK-nı
Azərbaycan ərazisindən tələsik çıxarmağa, bununla da Bakı-İrəvan
istiqamətindəki birbaşa danışıqlara Qərbin müdaxiləsini minimuma
endirməyə can atdı.

RSK-nı çıxarmaqla Rusiya birmənalı olaraq Qərbə “biz proseslərə
müdaxilə etmirik, sizin də müdaxilənizə imkan verməyəcəyik”
ismarıcını açıq şəkildə yolladı.

Formalaşan yeni vəziyyətdən Azərbaycan məharətlə, özü də
maksimum səviyyədə istifadə etməkdədir. Ermənistanla hər hansı
beynəlxalq vasitəçilik mexanizmi olmadan danışıqlar aparaq, birbaşa
təmaslar quran rəsmi Bakı bu minvalla sülh sazişinin imzalanması,
şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, nəqliyyat
kommunikasiyalarının bərpası və yeni loqistika marşrutlarının
istifadəyə verilməsi, habelə digər zəruri məsələlərlə bağlı
Ermənistanla konkret müzakirələr aparır.

Müzakirələr və danışıqların konstruktiv məcrada olması Bakının
mövqelərini daha da gücləndirməkdədir. Üstəlik, Azərbaycanın bütün
digər qonşu dövlətlərlə normal və adekvat münasibətlərdə olduğunu
nəzərə alsaq, Bakı hazırda Cənubi Qafqaz bölgəsində geosiyasi
gərginliyi azaltmaq, stabil şəraitin bərqərar olmasına doğru
səbatlı addımlar atmaq və hər hansı formada eskalasiya riskini
minimuma endirməkdədir.

2. Gürcüstanda baş verən hadisələr, xüsusilə də “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsinin ölkə parlamentində qəbul
edilməsindən sonra daha da aktivləşən etiraz aksiyaları Tbilisidə
gərginliyin yaxın vaxtlarda azalmayacağının göstəricisidir.
Xaricdən maliyyələşən təşkilatların fəaliyyətlərinin
transparentliyinin və onların dövlət qurumlarına maliyyə
hesabatlarını təqdim etmələrinin zəruriliyi ilə bağlı qanun
layihəsindəki tələblər tamamilə normal, məntiqi müddəalardır.

Gürcüstana Avropa İttifaqında üzvlüyə namizəd statusunun
verilməsi, xüsusilə də 44 günlük İkinci Qarabağ Müharibəsinin
Ermənistanın kapitulyasiyası ilə başa çatması, daha sonra rusiyalı
sülhməramlıların Azərbaycanı tərk etməsi və s. kimi proseslər
regiondan kənar güclərin Cənubi Qafqazda ifrat dərəcədə
fəallaşmasına səbəb oldu. Bununla eyni zamanda, Qərbin bölgədə
təsir imkanlarının artmasına yol vermək fikrində olmayan Rusiya və
İran da fəallaşıblar.

Bütün bunları nəzərə alsaq, bir məqamı unutmamalıyıq:
Azərbaycana müstəqil, suveren və kənar güclərdən asılı olmayan
Gürcüstan gərəkdir.

3. Ermənistandakı vəziyyət Cənubi Qafqazda gərginliyin
artmasının əsas səbəblərindən biri ola bilər. Aprelin 5-də
Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyan arasında keçirilən görüş rəsmi İrəvanın Qərbə
istiqamətlənmiş siyasətdə qərarlı olduğunu,
Vaşinqton-Paris-Bürüssel triosunun da erməniləridən vasitə qismində
istifadə edərək Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb
çıxarmaq niyyətini tam aşkarladı.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin
imzalanmasına yönəlmiş danışıqlar prosesindəki Vaşinqton və Brüssel
platformalarının uğursuzluğa düçar olmasından sonra Qərb
mövqelərini bərpa etmək üçün çox cəhdlər etsə də, ciddi uğura nail
ola bilməyib.

Səbəb bəsitdir: Fransanın bölgəmizdəki destruktiv və dağıdıcı
rolunun fəsadlı olmasını Bakı dəfələrlə vurğulasa da, Vaşinqtonla
Brüssel müşahidəçi mövqe tutublar. Beləcə, onlar yeni mövqe6lər
əldə etməyə səy göstərir, amma itkiləri bərpa etmək mümkün
deyil.

Buna Rusiyanın davranışı da dəlalət edir. Azərbaycandan RSK-nı
çıxarmaqla Bakı, Azərbaycanla şərti dövlət sərhədindən və
İrəvandakı hava limanından hərbçilərini çıxarmaqla İrəvan ilə
əlaqələrini qorumağa çalışan Moskva istəyinə böyük əhəmiyyət
etibarilə nail olub.

Aprelin 19-dan bəri Ermənistanda səngiməyən etiraz aksiyaları,
Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin
demarkasiyasının və delimitasiyasının Tavuş (Tovuzqala) rayonundakı
4 kəndin 32 illik işğaldan azad edilərək Azərbaycana təhvil
verilməsinə, sülh sazişinin imzalanması prosesinə etiraz edənlərin
aksiyalarının mənşəyi, səbəbi və perspektivləri məlumdur.

Ermənistan xarici güclərdən asılılığı azaltmağa çalışmasa, onu
ağır problemlər gözləyir.

Ermənilərin həmin müşküllərin öhdəsindən gələ biləcəkləri
inandırıcı təsir bağışlamır.