Advertisement

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Bakı. Trend:

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta
bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü
doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir
qədər yüksəkdir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin
həkim-metodisti Afət Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, doğuş zamanı da problemlərlə rastlaşmaq
ehtimalı var. “Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi
başa çatmadığı üçün obstruktiv doğuş, yəni doğuş sancıları olsa da,
dölün irəliləyişi müşahidə edilmir. Ləng doğuş, qanaxma kimi
fəsadlara da bu yaşda daha tez-tez rast gəlinə bilər”, – deyə o
qeyd edib.

A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı
depressiya halları da tez-tez müşahidə olunur.

“Yeniyetmə və erkən yaşlarda hamiləlik zamanı qan təzyiqinin
qalxması (hipertoniya), qan azlığı (anemiya) kimi vəziyyətlərin baş
vermə ehtimalı yüksəkdir. O cümlədən, hamiləlik zamanı müşahidə
olunan preeklampsiya patalogiyasına da yeniyetmə yaşlarında baş
verən hamiləlikdə rast gəlmə ehtimalı var. Preeklampsiya –
hamiləliyin II trimestrində qan təzyiqinin qalxması və sidiklə
zülalın itirilməsi (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir.
Bəzən ana və körpənin sağlamlığı və həyatı üçün təhlükə yarada
bilər”, – deyə o əlavə edib.