Advertisement

Visa süni intellektin istifadəsində pionerdir – Visa-nın vitse-prezidenti

Bakı. Trend:

Visa süni intellektin istifadəsində pionerdir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Fintech
Summit-i çərçivəsində paneldə çıxışı zamanı Visa-nın MDB və
Cənub-Şərqi Avropada vitse-prezidenti Anton Pyatıgin deyib.

“Visa süni intellektin istifadəsində pionerdir. Biz süni
intellektin tətbiqinə maliyyə sektorundan başladıq. Burada
infrastrukturun yaradılması və digər önəmli məqamlara 500 milyon
dollar sərmayə qoyduq”, – deyə o bildirib.

Onun sözlərinə görə, Visa həmçinin, nağdsız ödənişlərdə
dələduzluğun qarşısının alınması istiqamətində alternativ fəaliyyət
göstərir.

“2023-cü ildə ümumilikdə 40 milyard dollar dəyərində
dələduzluqda şübhəli bilinən tranzaksiyaların qarşısını alıb.
Görünən odur ki, dələduzluq halları artır. Biz də buna uyğun olaraq
dələduzluqların qarşısının alınması istiqamətində işlərimizi
artıraraq davam etdiririk”, – deyə vitse-prezident əlavə edib.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və
Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və
Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.