Advertisement

Orta Dəhliz Çindən Avropaya nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün vacibdir – Ləzizə Sabirova (Özəl müsahibə)

Bakı. Trend:

Orta Dəhliz Çindən Avropaya ticarət və nəqliyyat marşrutlarının
şaxələndirilməsi üçün vacibdir.

Bunu Trend-ə özəl müsahibəsində Asiya İnkişaf Bankının Mərkəzi
və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və
Əməliyyatların Koordinasiya Şöbəsinin direktoru Ləzizə Sabirova
deyib.

“Orta Dəhlizin inkişafı bir çox inkişaf tərəfdaşları arasında
mühüm gündəliyə çevrilir. Orta Dəhlizin müzakirə olunduğu bir çox
beynəlxalq forumlar, konfranslar və iclaslar keçirilir.

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində
Dəhliz 2 adlandırılan Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz
ölkələri, o cümlədən Azərbaycan vasitəsilə Çindən Avropaya
nəqliyyat və tranzit marşrutlarını şaxələndirmək imkanı yaradır.
Marşrutların şaxələndirilməsi ilə yanaşı, Orta Dəhliz Mərkəzi Asiya
ölkələri, o cümlədən Qırğızıstan Respublikası üçün də öz
məhsullarını ixrac edə biləcək mexanizm və ya kanal kimi vacibdir.
Bunun üçün təbii ki, belə ölkələr ixrac oluna bilən mallar istehsal
etməli, öz növbəsində daha çoxşaxəli istehsalı
stimullaşdırmalıdırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı təkcə limanların və
ya dəmir yollarının tikintisindən ibarət deyil, həm də yüklərin və
insanların sərhədlərdə rahat hərəkətini təmin etmək üçün “dəmir”
infrastrukturu “yumşaq” infrastrukturla birləşdirməkdən
ibarətdir.

Sabirova qeyd edib ki, hazırda Azərbaycan və Gürcüstan potensial
birgə sərhəd keçid məntəqələrinin yaradılması üzərində
işləyirlər.

“Əslində, AİB-in sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi
ilə bağlı bir neçə layihəsi var. Bank hazırda həm Azərbaycan, həm
də Gürcüstan tərəfində rəsmiləşdirmə prosedurlarının bir dəfə başa
çatdırıla biləcəyi və birgə sərhəd-keçid məntəqəsinin yaradılması
imkanını nəzərdən keçirir. Bu, Azərbaycan və Gürcüstan arasında
səyahət edən ticarətçilər və biznes operatorları üçün xeyli vaxta
və səyə qənaət etməyə kömək edəcək. Bu çox effektiv bir sistem ola
bilər. Biz bu yanaşmanı Çin və Monqolustan arasında birgə gömrük
manifestinin həyata keçirilməsində texniki yardım vasitəsilə
sınaqdan keçirdik.

Digər gözəl nümunə Almatı-Bişkek İqtisadi Dəhlizində apardığımız
işdir. Biz Qazaxıstanla Qırğızıstan sərhədində yeni keçid məntəqəsi
üzərində işləyirik. Vurğulamaq istədim ki, fiziki və “yumşaq”
infrastrukturun inkişafı paralel getməlidir. Çünki ideal yol və ya
sərhəd infrastrukturu olsa belə, prosedurlar çətin olarsa,
insanların və ya avtomobillərin sərhədi keçməsi uzun müddət çəkə
bilər ki, bu da əlverişsiz və bahalı olacaq”, – deyə o
bildirib.

Sabirova Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ölkələrində
dəhlizlərin effektivliyinin ölçülməsi və monitorinqi mexanizmindən
də danışıb.

“Bu, uzunmüddətli məlumat bazasıdır, burada ən müasir
məlumatları toplayırıq və sərhədi keçmək üçün nə qədər vaxt
çəkdiyini və nə qədər başa gəldiyini ölçürük. Biz mütəmadi olaraq
dəhlizlər boyu malların hərəkətində irəliləyişlərin olub-olmamasına
nəzarət edirik. Gözə çarpan təkmilləşdirmələrə baxmayaraq, bəzi
marşrutlar problemli olaraq qalır. Biz bu problemləri necə aradan
qaldıra biləcəyimizi müəyyən etmək üçün özəl sektorla, eləcə də
hökumətlərlə çox işləyirik.

Cənubi Qafqaz və Mərkəzi Asiyanın beş ölkəsi müvafiq beynəlxalq
maliyyə qurumları ilə danışıqlar masası arxasına əyləşsələr, bu,
yaxşı addım olar. AİB olaraq biz bu təşəbbüsü dəstəkləməyə
hazırıq.

Orta Dəhliz çətin marşrutdu. Bu, avtomobil yollarını, dəmir
yollarını, gəmiçilik və limanları birləşdirən multimodal dəhlizdir.
Qeyd etdiyim məsələlərə və nisbətən aşağı trafik həcminə görə baha
qalır. Biz dəhliz boyu iqtisadi fəallığı və ticarəti
stimullaşdırmalıyıq və bu, rəqabət siyasətini, iqtisadiyyatın
şaxələndirilməsini və dəhliz boyu ölkələrin ümumi iqtisadi artımını
təşviq etməyi nəzərdə tutur”, – deyə o bildirib.

Qırğızıstan Respublikasının Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıqda iştirakının dəstəklənməsi

Sabirova qeyd edib ki, Qırğızıstan Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq proqramının çox mühüm iştirakçısıdır.

“Qırğız Respublikası 2025-ci il üçün Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq proqramının növbəti sədridir. Qırğızıstan
Respublikası üçün regional əməkdaşlıq çox vacibdir, çünki o,
nisbətən kiçik bir iqtisadiyyata malikdir, əhalisi azdır. Daha
geniş regional bazarlara çıxış əldə etmək üçün Qırğızıstan bütün
imkanlardan istifadə etməlidir. Çox yaxşı haldır ki, onlar Mərkəzi
Asiya Regional İqtisadi Əməkdaşlıq proqramında fəal iştirak
edirlər.

Biz nəqliyyat sektoruna böyük sərmayə qoyaraq, nəqliyyat
bağlantısı üçün kifayət qədər çox işlər görürük. Biz enerjiyə də
sərmayə qoyuruq. Biz “Kambarata 1” meqalayihəsi də daxil olmaqla,
ehtiyacların nə olduğunu anlamaq üçün hökumət və digər inkişaf
tərəfdaşları ilə sıx əməkdaşlıq edirik. Layihə müxtəlif səbəblərdən
beynəlxalq maliyyə qurumlarının marağına səbəb olur. Birincisi, bu,
bərpa olunan enerjini təşviq edən bir su layihəsidir, daha yaşıl
iqtisadiyyata keçidə kömək edəcək və karbon qazı emissiyalarını
azaldacaq. İkincisi, bu, regional layihədir və bu layihəyə qoyulan
investisiyalar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıqın üç
üzvü, xüsusən də Qazaxıstan, Qırğızıstan və Özbəkistan üçün
elektrik enerjisi bazarını təmin edəcək”, – deyə o əlavə edib.

Sabirova qeyd edib ki, Qırğızıstan Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində müxtəlif prosedurların, o
cümlədən sanitar və fitosanitar tədbirlərin uyğunlaşdırılması üçün
ticarətin asanlaşdırılması tədbirlərinin həyata keçirilməsində fəal
iştirak edir.

“Biz həmçinin kənd təsərrüfatı və su ehtiyatları, eləcə də
Qırğızıstan Respublikası üçün çox vacib olan təhsil və əmək
bacarıqlarının inkişafı üzərində işləyirik. Biz Mərkəzi Asiya
Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində qarşılıqlı
əlaqələrimizi daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”,
– deyə o əlavə edib.

Türkmənistana texniki yardım

O qeyd edib ki, Türkmənistan AİB üçün digər mühüm ölkədir.

“Türkmənistan üçün kommunikasiya çox vacibdir və bu ölkənin
potensialı çox böyükdür. Biz həmçinin səhiyyə və sosial sektorun
ehtiyaclarından danışırıq. Hökumət bu növ ehtiyaclar üçün kreditlər
əldə etmək üçün AİB ilə işləmək istəyirsə və ya maraqlıdırsa, AİB
investisiyanı təmin etməyə hazırdır.

Biz, həmçinin Türkmənistanın Ümumdünya Ticarət Təşkilatına üzv
olmasına hazırlaşmasını dəstəkləyirik ki, bu da ölkənin qlobal
iqtisadiyyatla əlaqəsi baxımından mühümdür. Ölkə Mərkəzi Asiya
Regional İqtisadi Əməkdaşlıq proqramının bir hissəsi olduğu üçün
biz regional texniki yardım üçün də bir neçə qrant ayırmışıq. Kənd
təsərrüfatı, enerji, nəqliyyat və ya ticarətlə bağlı hər hansı
tədbirə ev sahibliyi edəndə biz həmişə Türkmənistan hökumətinin
nümayəndələrini dəvət edirik. Ötən il AİB Özbəkistan və
Türkmənistan arasında enerji məsələləri üzrə təcrübə mübadiləsinə
şərait yaradıb”, – deyə o bildirib.

Özbəkistanın enerji davamlılığının
dəstəklənməsi

O bildirib ki, AİB hazırda Özbəkistan üçün yeni tərəfdaşlıq
strategiyası hazırlayır.

“Ümid edirik ki, bu strategiya bu il təsdiqlənəcək. Bu,
Özbəkistan hökumətinin prioritetlərinə uyğun gələn 2028-ci ilə
qədər beş illik strategiyadır. Bu strategiyada yaşıl keçidə böyük
diqqət yetirilir. Özbəkistan hökuməti yaşıl keçidə çox ciddi
yanaşır, çünki onun əhəmiyyətini dərk edirlər. Onlar başa düşürlər
ki, ekoloji keçidə ciddi sərmayələr qoymalı və effektiv siyasətlər
formalaşdırmalıdırlar. Hazırda Ölkə Tərəfdaşlığı Strategiyasının
hazırlanması hələ də davam edir. Ancaq növbəti beş il ərzində
dəstək verəcəyimiz bir neçə yeni sahə var”, – deyə o bildirib.

Sabirova əlavə edib ki, qaz Özbəkistanın əsas məhsuludur.

“Biz buna regional səviyyədə də baxırıq. Çünki biz nə vaxt
enerji təhlükəsizliyindən danışırıqsa, bu, həmişə regional
məsələdir. Keçmişdə biz Özbəkistanın enerji sektoruna kifayət qədər
sərmayə qoymuşuq. Onlardan biri də karbon qazı tullantılarının
azaldılması da daxil olmaqla yaxşı nəticələr verən Talimərcan
Elektrik Stansiyası layihəsidir. Özbəkistan AİB-in Mərkəzi və Qərbi
Asiya Departamentində ikinci ən böyük borc alan ölkədir”, – deyə o,
yekunlaşdırıb.

X:
@Lyaman_Zeyn