Advertisement

Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər naziri Bakı Kommünikesini qəbul ediblər

Bakı. Trend:

Xəbər verildiyi kimi, mayın 13-də Tuvalunun general-qubernatoru
Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa
Ki Vahafolau və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel
Frederik Audley qlobal iqlim məsələlərini, o cümlədən hər üç
ölkənin COP29-la bağlı prioritetlərini müzakirə etmək məqsədilə
Azərbaycanda səfərdə olublar. Prezident İlham Əliyev tərəfindən
qəbul edilən nümayəndə heyəti Azərbaycanı COP29 Sədrliyi
münasibətilə təbrik edərək, bu şərəfli və məsuliyyətli vəzifədə
ölkəmizin səylərini dəstəklədiklərini bildiriblər.

Trend xəbər verir ki, coğrafi yerləşməsinə görə iqlim
dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr sırasında olan
üç dövlətin rəsmiləri görüşdən sonra Bakı Kommünikesini qəbul
ediblər.

Kommünikedə COP29 Sədrliyi çərçivəsində inkişaf etməkdə olan
kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə göstərilən diqqətə
görə Prezident İlham Əliyevə təşəkkür bildirilir, COP29-un
inklüziv, şəffaf və neytral platforma olacağına əminlik ifadə
edilir.

İqlim dəyişikliyinin qaçılmaz təsirlərinin insanların yaşayışı,
təhlükəsizliyi və rifahı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin,
BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının və Paris
sazişinin məqsədlərinin həyata keçirilməsinə birbaşa təhdid olduğu
bildirilir.

İqlim davamlılığının artırılması məqsədilə sülhün, yardımın və
bərpanın gücləndirilməsinin vacibliyi vurğulanaraq, bu məsələlərə
Azərbaycanın inklüziv yanaşması alqışlanır.

Kommünikedə, həmçinin qlobal istiləşmə fonunda ekzistensial
təhlükəsi getdikcə artan kiçik ada dövlətləri ilə COP29
çərçivəsində aparılan əməkdaşlıq və dialoq təqdir olunaraq, iqlim
dəyişikliyinə qarşı dayanıqlılığın artırılması, təcili qlobal
tədbirlərin görülməsi və həmrəyliyin gücləndirilməsinə çağırış
edilir.