Advertisement

Mərkəzi Bank vətəndaşları maliyyə sektorunda fırıldaqçılıqdan qorumaq üçün işlər görür – Xəyalə Məmmədova

Bakı. Trend:

Mərkəzi Bank vətəndaşları maliyyə sektorunda fırıldaqçılıqdan
qorumaq üçün işlər görür.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024”
çərçivəsində keçirilən panel iclası zamanı Mərkəzi Bankın baş
mütəxəssisi Xəyalə Məmmədova deyib.

“Texnoloji inkişaf baş verdikcə fırıldaqçılıq ssenariləri
təkmilləşir, fırıldaqçılıq variantları artır. Biz də maliyyə
sektorunda kibertəhlükəsizliyin təmin edilməsi üçün bir çox işlər
görməyi planlaşdırırıq”, – deyə o bildirib.

X.Məmmədovanın sözlərinə görə, maliyyə sektorunda
kibertəhlükəsizlik üzrə hesabatların aparılmasının
təkmilləşdirilməsi üzrə də işlər görülür.

“Bununla bağlı müəyyən datalar toplanacaq, analiz ediləcək və
hesabat nümunələri təkmilləşdiriləcək”, – deyə baş mütəxəssis
bildirib.

O qeyd edib ki, beynəlxalq təcrübə onu göstərir ki, texnologiya
inkişaf etdikcə kibertəhlükələrin və təhdidlərin sayı artır.

“Biz, öz növbəmizdə, əlimizdən gələni edirik ki, vətəndaşları
bunlardan qoruyaq. Buraya, həmçinin, vətəndaşların
maarifləndirilməsi də daxildir. Vətəndaşların bu istiqamətdə
savadlılığının artırılması, əməliyyatlarda məsuliyyətli olması
önəmlidir”, – deyə Məmmədova əlavə edib.

Qeyd edək ki, 15-16 may Bakıda “Fintex Summit 2024” keçirilir.
Sammit çərçivəsində finteks sahəsinin inkişafı, kibertəhdidlər və
onların qarşısının alınması, rəqəmsallaşma prosesləri, ödənişlər
sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız
ödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı və
rəqəmsal valyutalar sahəsində proseslər müzakirə edilir.