Advertisement

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb

Bakı. Trend:

Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə
qalxan QHT-ləri birləşdirən “Environmental Protection First”
Koalisiyası mayın 16-da Bakı Biznes Mərkəzində “Ermənistan
Respublikasının mineral xammal resursları” adlı xəritəni
ictimaiyyətə təqdim edib.

Trend xəbər verir ki, xəritəni Koalisiyaya daxil olan
“Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə – Azərbaycan,
ingilis və erməni dillərində hazırlayıb.

Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi
ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.
Xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər
vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi
Zəngəzur bölgəsinə – Azərbaycan Respublikası ilə həmsərhəd,
transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

Qeyd edək ki, Azərbaycan QHT-lərinin son vaxtlar nümunəvi işləri
ilə daha çox seçilməsi diqqət çəkir.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr
olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Xatırladaq ki, ötən il iyulun 11-də Prezident İlham Əliyevin
sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına
həsr olunmuş müşavirədə dövlətimizin başçısı bu barədə deyib:
“Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi.
Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti
nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda –
Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə
istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub… İndi
transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın
burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq
konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər
kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların
çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin,
ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması
qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu
Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti,
qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın
rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində
fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət
təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə
mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda
qalmamalıdır”.

Dövlətimizin başçısı müşavirədə Azərbaycan vətəndaş cəmiyyətinin
bu istiqamətdə fəaliyyətini təqdir etmiş, Ermənistanı bu təhlükəli
praktikadan əl çəkməyə çağıraraq bildirmişdi: “Əgər onlar hansısa
müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki,
münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu
müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada
təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də
Araz çayına, Oxçuçayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz
buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun
çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya
çərçivəsində mütləq diqqətdə saxlamalıyıq”
(https://president.az/az/articles/view/60429).

Bakı Biznes Mərkəzinə toplaşmış QHT-lər Ermənistanın dağ-mədən
sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib
sayıblar.

“Environmental Protection First” Koalisiyası bəyan edib ki,
Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə
sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları,
beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində
ekoloji monitorinqlər aparmağa hazırdır.

Qeyd edək ki, xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik
iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya
Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli
Atlası”nı, “Cənubi Qafqaz. 1903-cü il”, “Qafqaz diyarının xəritəsi
– Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının
rəhbəri, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri
Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin mühafizəsi
sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif
olunub.