
Bakı. Trend:
“Rabitəbank” ASC-nin səhmdarların ümumi yığıncağının qərarına
əsasən, Rəşad Abasov və Zaur Baxşəliyev Müşahidə Şurasına üzv təyin
ediliblər.
Rəşad Abasov 2004-2012-ci illərdə Rabitəbankın
“Daxili Audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci
ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin
edilib. 2018-ci ildən hal-hazıradək Rabitəbankda Audit Komitəsinin
sədri vəzifəsində çalışır.
R.Abasov Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis
iqtisadiyyatı və idarə etməsi” fakultəsinin bakalavr və magistr
pillələrində təhsil alıb. Həmçinin, Azərbaycan Dövlət İqtisad
Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə təhsil alıb.
Zaur Baxşəliyev 15 ildən çox daxili audit
sahəsində təcrübəyə malikdir. O, peşəkar əmək fəaliyyətinə “Bank of
Azerbaijan” ASC-nin audit köməkçisi kimi başlayıb və daha sonra
“Garant Holding” MMC-də və “Aqrar Tədarük və Təchizat” ASC-də audit
bölməsi üzrə rəhbər vəzifələrinə kimi yüksəlib. 2015-2017-ci
illərdə “Rabitəbank” ASC-nin Daxili audit departamentinin baş
auditoru və şöbə rəisi olaraq çalışıb. 2019-2024-cü illərdə
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif
rəhbər vəzifələrdə çalışıb. O, hazırda “Azərbaycan Dəmir Yolları”
QSC-nin tabeli strukturu olan “ADY Ekspress” MMC-nin Daxili audit
xidmətinin rəhbəri olaraq çalışır. Z.Baxşəliyev 2024-cü ilin fevral
ayından etibarən Rabitəbankda Audit Komitəsinin müstəqil üzvü kimi
də fəaliyyət göstərir.
Z.Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr
və magistr pillələrində təhsil alıb.
Qeyd edək ki R.Abasov və Z.Baxşəliyev, həmçinin Rabitəbankda
Korporativ idarəetmə və Risklərin idarəetməsi komitələrinin üzvü
kimi də fəaliyyət göstərəcəklər.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28
xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.



























