
Bakı. Trend:
Yeni Kaledoniyadakı iğtişaşlar Fransanın neokolonial siyasətinin
uğursuzluğunu sübut edir.
Trend xəbər
verir ki, bu barədə Fransanın La Gazette Du Caucase nəşrində dərc olunan
məqalədə deyilir.
Materialın müəllifləri qeyd edir ki, Fransa neokolonializmindən
əziyyət çəkən Afrika və Asiya xalqları bu gün Azərbaycandan mühüm
dəstək görür.
“Qoşulmama Hərəkatının ozamankı sədri Azərbaycan 2023-cü ilin
iyulunda müstəmləkəçiliyin tam ləğvini hədəfləyən Bakı Təşəbbüs
Qrupunu yaradıb. Qrup muxtariyyət və ya müstəqillik tələb edən
xalqları dəstəkləmək və onların BMT-nin müstəmləkəçilikdən azad
edilməli ölkələr siyahısına daxil edilməsinə nail olmaq məqsədi
daşıyır. Bu siyahıya artıq Fransa Polineziyası və Yeni Kaledoniya
daxildir. Metropoliyanın hüdudlarından kənarda daha böyük sahədə
ərazilərə malik olan Fransa, təbii ki, bu prosesin mərkəzindədir”,
– deyə məqalədə qeyd olunub.
Bundan başqa, müəlliflər qeyd edir ki, Fransa keçmiş müstəmləkə
xalqlarının Bakı ilə yaxınlığından son dərəcə narahatdır və özünün
Qarabağdakı separatçı erməniləri fəal şəkildə dəstəklədiyini unudur
ki, bu da Fransanın özünün də imzaladığı dörd BMT qətnaməsi ilə
ziddiyyət təşkil edir.
“Sol əl sağ əlin etdiklərindən xəbərsiz olduqda… Bu dəstək bu
gün Bakı ilə İrəvan arasında Fransanın iştirakı olmadan imzalanan
sazişlərin fonunda heç bir əhəmiyyət kəsb etmir.
Məhz enerji ehtiyatları üzərində nəzarət Avropaya hökmranlıq
verdi. Bu gün yeni sənaye sahələri üçün zəruri ehtiyatlar Qərbin
hüdudlarından kənarda – Afrikada, Yaxın Şərqdə və Asiyada yerləşir.
Qərb tərəfindən müstəmləkələşdirilən bu regionların xalqları
müstəqil olma prosesindədirlər. Bu, keçmiş əzəməti üçün nisgillənən
Qərbin xoşuna gəlməyə bilər, lakin yeni dünya artıq
yaranmaqdadır.
Bu yeni dünyanın insanları artıq onlara çürüyən Qərbin
vassalları kimin baxılması ilə barışmırlar. Bunu dərk etməyən Qərb
öz çöküşünü sürətləndirir, çünki bu xalqları özünün bərabər hüquqlu
müttəfiqləri və tərəfdaşları etmək yerinə, o qazana bilmədiyi və
son nəticədə diskriminasiya, bəzən isə hətta soyqırım siyasəti
vasitəsilə onu daxildən məhv edəcək iqtisadi, mədəni və hərbi
müharibədə özü üçün düşmənlər yaradır. Fransa tarixdən geri qalır –
bu ölkə üçün kədərli taledir”, – deyə sonda qeyd olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























