Advertisement

Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib (FOTO)

Bakı.Trend:

Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə
fevralın 28-də jurnalistlər üçün “Media və insan hüquqları”
mövzusunda təlim keçirilib.

Trend-in xəbərinə görə, təlimdə açılış nitqi ilə çıxış edən
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media
nümayəndələrini salamlayıb və İnstitutun fəaliyyəti haqqında onlara
ümumi məlumat verib.

Sədr insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində
İnstitutun gördüyü işlərin mütəmadi olaraq mətbuatda
işıqlandırılmasında media nümayəndələrinin böyük rolu və əziyyəti
olduğunu bildirib.

M.Quluzadə qeyd edib ki, bu təlim mediada paylaşılan xəbərlərdə
rast gəlinən insan hüquqları pozuntularının aradan qaldırılması
məqsədilə təşkil olunub.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov
çıxışında İnstitutun insan hüquq və azadlıqlarının qorunması
istiqamətində keyfiyyətli xəbər istehsalının təmin edilməsinə
yönələn təşəbbüsünü yüksək dəyərləndirib, keçirilən təlimin
jurnalistlərin bu növ informasiyanın əldə olunması, ötürülməsi və
yayımı fəaliyyətində peşəkarlığının və məsuliyyətinin artırılmasına
xidmət etydiyini bildirib. Ə.İsmayılov Medianın İnkişafı
Agentliyinin jurnalistlər və media subyektləri üçün həyata
keçirdiyi tədbirlər barədə məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet
Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması
zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən
təqdimat modulları ilə çıxış ediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar
cavablandırılıb.

Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media
nümayəndələrinə sertifikatlar təqdim olunub.