Advertisement

Azərbaycanda biznes mühiti və beynəlxalq reytinqlərlə bağlı portal təqdim edildi

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
fəaliyyəti və azranking.az internet portalının təqdimatı
keçirilib.

Trend xəbər verir ki, bu gün Biznes mühiti və beynəlxalq
reytinqlər üzrə Komissiyanın Katibliyi Komissiyanın fəaliyyəti və
Azranking.az internet portalının imkanları barədə media
nümayəndələri üçün məlumatlandırma tədbiri keçirib.

Tədbirdə Komissiyanın fəaliyyəti, Komissiya çərçivəsində biznes
mühitinin əlverişliliyinin artırılması istiqamətində hazırlanan
islahat təşəbbüsləri barədə geniş məlumatlar verilib. Komissiyanın
işçi qruplarının fəaliyyətinin təşkili, o cümlədən, 2024-cü il üzrə
təsdiq olunan yol xəritələri və fəaliyyət planları barədə məlumat
təqdim edilib.

Tədbirdə, həmçinin, Komissiyanın azranking.az internet portalının
funksional imkanları və innovativ alətləri barədə təqdimat
keçirilərək, iqtisadi təşəbbüslərin hazırlanmasında özəl sektorun
aktiv iştirakı üçün əlverişli şəraitin yaradıldığı bildirilib.
“E-iştirakçılıq”, “Online müraciət”, “Rəqəmsal təqvim”
platformaları, “Bençmarkinq” sistemi vasitəsilə maraqlı tərəflərin,
o cümlədən sahibkarların və ictimaiyyət nümayəndələrinin hazırlanan
islahat təşəbbüsləri barədə öz təkliflərini təqdim etmək,
müzakirələrdə iştirak etmək imkanlarının olduğu vurğulanıb. Bu cür
platformaların cəmiyyətin islahat təşəbbüslərinin hazırlanması
prosesində şəffaf və çevik iştirakına imkan yaratdığı
bildirilib.