Advertisement

Ödəniş sistemləri, elektron pul qurumları hesabatlar təqdim etməlidirlər – Toğrul Əliyev

Bakı. Trend:

Ödəniş sistemləri, elektron pul qurumları hesabatlar təqdim
etməlidirlər.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024”
çərçivəsində keçirilən panel iclası zamanı Mərkəzi Bankın baş
direktoru Toğrul Əliyev deyib.

“Ödəniş təşkilatları, elektron pul qurumları, vurtual aktivlər
təqdim edən qurumlar yeni qanunvericiliyə uyğun olaraq hesabatlar
təqdim etməlidirlər. Son illər ərzində ödəniş sistemləri üzrə yeni
qanunvericilik qəbul edilib, müxtəlif normativ aktlar hazırlanıb”,
– deyə o bildirib.

Onun sözlərinə görə, 20-dən çox finteks təşkilatı artıq
lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib və hazırda onların
müraciətlərinə baxılır.

“Bilirsiniz ki, nəzarət lisenziyalaşdırmadan başlayır. Mərkəzi
Bank öz sistemləri, daxili nəzarət və digər mexanizmləri vasitəsilə
nəzarət edir ki, orada terrorizmin maliyyələşdirilməsi və çirkli
pulların yuyulmasına yol verilməsin. Mərkəzi Bankın ödəniş
sistemləri və elektron pul qurumları ilə bağlı tələbləri var.
Tələblər odur ki, onların hamısının bu sistemləri olmalıdır”, –
deyə o bildirib.

Qeyd edək ki, 15-16 may Bakıda “Fintex Summit 2024”
keçirilir.

Sammit çərçivəsində fintex sahənin inkişafı, kibertəhdidlər və
onların qarşısının alınması, rəqəmsallaşma prosesləri, ödənişlər
sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız
ödənişlərin inkişafı, regionda fintex sahəsinin inkişafı və
rəqəmsal valyutalar sahəsində prosesləri müzakirə edilir.