Bakı. Trend:
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
(KTMT) maliyyələşdirməyi dayandırması faciə deyil.
Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini
Aleksandr Pankin “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq
İqtisadi Forum çərçivəsində deyib.
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
(KTMT) maliyyələşdirməyi dayandırması faciə deyil. İrəvan
təşkilatdan çıxmır”, – o deyib.
Pankin təşkilatın fəaliyyətini davam etdirdiyini qeyd edib.
“KTMT-nin fəaliyyətində elə hallar olub ki, ölkələr öz
ödənişlərini bir qədər gecikdirib, hissə-hissə ödəyiblər. Lakin
hərbi-siyasi nöqteyi-nəzərdən Ermənistanın KTMT-yə münasibətdə
gələcək kursunu həm onun lazımi səviyyədə təmsil etməli və bilməli
olduğu milli maraqları, həm də ölkənin öz təhlükəsizliyini təmin
etmək imkanları ilə müəyyən ediləcək”, – deyə o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistanın Xarici İşlər Nazirliyi
ölkənin KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakını
dayandırdığına dair məlumat yayıb.
“Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən
qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin
maliyyələşdirilməsində iştirak etməyəcək. Bununla belə, Ermənistan
bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, –
Ermənistan XİN-dən bildirilib.





























