
Bakı. Trend:
Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024”
(“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində
“Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Yüksək Səviyyəli
Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz
Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə
Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak
ediblər.
Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran
tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik
məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı
videogörüntü təqdim olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda
“Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə
təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif
epizodların praktiki icrası media nümayəndələri və qonaqlar
tərəfindən maraqla izlənilib.





























