Advertisement

Şəhriyar Məmmədyarov “20-liy”ə qayıdıb, Rauf Məmmədov irəliləyib

Bakı. Trend:

FİDE şahmatçıların mart reytinqini açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, siyahıda Azərbaycan
yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova
məxsusdur.

39 yaşlı qrossmeyster 7 pillə irəliləyərək, yenidən “20-liy”ə
qayıdıb. Aktivində 2734 xal olan Məmmədyarov 19-cu pillədə
qərarlaşıb.

Teymur Rəcəbova mövqeyini qoruyub. O, 2723 xalla yenə
25-cidir.

Digər qrossmeysterimiz Rauf Məmmədov (2651) da irəliləyib. 3
rəqibini qabaqlayan milli üzvü 85-ci yerə yüksəlib. Nicat Abbasov
isə bir aylıq fasilədən sonra yenidən “100-lüy”ü tərk edib.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir.
Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru
Nakamura (2789) izləyir.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay
Məmmədzadə malikdir. O, 1 pillə geriləyib və aktivində 2449 xalı
var. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374)
77-ci, Gülnar Məmmədova (2351) 102-ci pillədə qərarlaşıblar.
Ülviyyə və Gülnar 2, Gövhər 1 pillə geriləyib.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə
Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FİDE,
2554) qərarlaşıb.