Advertisement

BMT Azərbaycanın COP29-da sədrliyini aktiv şəkildə dəstəkləyir – Vladanka Andreyeva

Bakı. Trend:

BMT Azərbaycanın COP29-da sədrliyini aktiv şəkildə
dəstəkləyir.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva “Ambisiyaların artırılması və
fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda deyib.

“BMT-nin ölkə üzrə Azərbaycanın COP29-a sədrliyini aktiv şəkildə
dəstəkləyir və biz bu konfransın sadəcə uğurlu olmasını deyil, həm
də hədəflərə çatmağa və fəaliyyətin aktivləşməsinə imkan
yaratmasını istəyirik. İqlim böhranının aktuallığını
qiymətləndirmək çətindir. İqlim dəyişmələri ilə mübarizə üçün bütün
qüvvələrimizi səfərbər etməliyik”, – o deyib.

Onun sözlərinə görə, özəl sektor iqlim dəyişmələri ilə
mübarizədə əsas rol oynayır.

“Tarixən belə formalaşıb ki, iqlim dəyişmələrinin nəticələrinin
yüngülləşdirilməsinə görə məsuliyyətin böyük hissəsi hökumətlərin
və beynəlxalq təşkilatların üzərinə düşüb, lakin fikrimcə, biznesin
və özəl sektorun mühüm dəyişikliklər etmək üçün nəinki imkanlara,
həm də maliyyə stimullarına malik olduğu getdikcə daha aydın olur.
Özəl sektor resurslara misilsiz çıxış imkanına və innovativ
imkanlara malikdir.

Onun qabaqcıl texnologiyası, istedadlı işçi qüvvəsi var. Özəl
sektor ekoloji cəhətdən təmiz innovasiyalar sahəsində öncül ola
bilər. Özəl sektor bərpa olunan enerji mənbələrindən istifadə
texnologiyalarından kənd təsərrüfatının dayanıqlı idarə olunması
metodlarına qədər karbon emissiyalarını əhəmiyyətli dərəcədə azalda
biləcək innovasiyalara investisiya yatıra və onları tətbiq edə
bilər”, – deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun