Advertisement

COP29 müddətində bütün dünyanın diqqəti Azərbaycana yönələcək – Nigar Arpadarai

Bakı. Trend:

COP29 müddətində bütün dünyanın diqqəti Azərbaycana
yönələcək.

Trend xəbər
verir ki, bu barədə Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin
İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai
“Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı
biznes forumu”nda deyib.

“Bir neçə aydan sonra Azərbaycanda COP29 tədbiri keçiriləcək.
Bütün dünyanın diqqəti ölkəmizə yönələcək ki, bu da bizim üçün son
dərəcə vacibdir”, – deyə o bildirib.

O, Azərbaycanın daima beynəlxalq hüquq və ədalətə hörmət edən
ölkə olduğunu qeyd edib.

“Azərbaycan, həmçinin, beynəlxalq ictimaiyyətin iqlim
dəyişmələri ilə mübarizədə mühüm hissəsidir. “Yaşıl” iqtisadiyyata
keçid üçün mühüm həcmdə maliyyə resurslarına ehtiyacımız var.
Beynəlxalq miqyasda özəl maliyyələşdirmənin həcmini də əhəmiyyətli
dərəcədə artırmaq lazımdır”, – o deyib.

Deputat özəl sektorun öz üzərinə aparıcı rol götürməsinin və
iqlim dəyişmələri ilə mübarizədə hədəflərini müəyyənləşdirməsinin
vacib olduğunu əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun