Advertisement

Nüfuzlu RİBA akkreditasiyasının ekspertləri AzMİU-da (FOTO)

Bakı. Trend:

Memarlıq təhsili sahəsində dünyaca məşhur olan, nüfuzlu
Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) nümayəndə heyəti
(Akkreditasiya Komissiyası) Azərbaycan Memarlıq və İnşaat
Universitetində (AzMİU) səfərdədir. Səfərin məqsədi AzMİU-nun
Memarlıq fakültəsini növbəti 5 il müddətinə akkreditasiyadan
keçirməkdir.

Nümayəndə heyətində professor Karl Meddinqs, professor Frazer
Bufton, professor Alida Bata və Stefani Bizli-Suffolk təmsil
olunublar.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə
Məmmədova akkreditasiya komissiyasının üzvləri ilə görüşüb. Rektor
bildirib ki, RİBA akkreditasiyası AzMİU üçün mühüm əhəmiyyət kəsb
edir. Söhbət zamanı 2019-cu ildə keçirilən akkreditasiyanı
xatırladan professor Gülçöhrə Məmmədova qeyd edib ki, bu proses
universitetə böyük təcrübə, eləcə də memarlıq tədrisində modern
yanaşma, rəqabətədavamlı strategiya formalaşdırmaq imkanı və müasir
metodika istifadə bacarığı qazandırıb.

Professor Gülçöhrə Məmmədova əlavə edib ki, ötən 5 ildə AzMİU
böyük uğurlara imza atıb: “RİBA akkreditasiyası zamanı biz böyük
təcrübə qazandıq. Memarlıq fakültəsində kriteriyaların RİBA
akkreditasiyasının kriteriyalarına uyğunlaşdırılması növbəti
uğurlarımız üçün böyük zəmin yaratdı. Ötən 5 ildə memarlıq
fakültəsinin tələbə sayı artırılıb, rəqabətədavamlılıq səviyyəsi
yüksəldilib, yeni, modern ixtisaslar açılıb, tədrisin səviyyəsi
daha da yaxşılaşdırılıb və 2 nüfuzlu Avropa universiteti
(İtaliyanın Milan Politexnik Universiteti və Böyük Britaniyanın
Vestminster Universiteti) ilə ikili diplom müqaviləsi imzalanıb.
Hesab edirəm ki, növbəti akkreditasiya da bizə yeni uğurlar
qazandıracaq”.

Professor Carl Meddings komissiya adından çıxış edərək
akkreditasiya üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və
Bakıda olmaqlarından məmnunluğunu ifadə edib.

Daha sonra akkreditasiyaya dair məsələlərlə bağlı müzakirə
aparılıb. Müzakirələr zamanı əsasən universitetin maliyyələşmə
mexanizmi, elmi tədqiqatın səviyyəsi, inkişaf strategiyası,
gələcəyə baxış və digər istiqamətlərlə bağlı məsələlərə aydınlıq
gətirilib.

Qeyd edək ki, komissiya artıq 2 gündür ki, akkreditasiya üçün
vacib olan sənədləri, kriteriyaları yoxlayır, akkreditasiyaya dair
məsələlərlə bağlı Memarlıq fakültəsinin, həmçinin universitetin
əməkdaşları ilə görüşürlər keçirir.

Məlumat üçün bildirək ki, AzMİU MDB məkanında ilk dəfə 2019-cu
ildə 5 il müddətinə RİBA akkreditasiyasından keçib. Dünyada böyük
nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından
uğurla keçən AzMİU bundan sonra Kembric, London Memarlar Məktəbi,
Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin,
Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili
verən ali məktəbləri ilə bir sırada dayanır.