Advertisement

Maliyyə COP29-un əsas müzakirə mövzusu olacaq – Saymon Stil

Bakı. Trend:

COP29-da əsas müzakirə mövzusu maliyyə olacaq.

Trend xəbər
verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının icraçı katibi Saymon Stil “Ambisiyaların
artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda
deyib.

“Gələn ilin əvvəlinədək bütün ölkələr milli səviyyədə müəyyən
edilmiş töhfələri (NDC) təqdim etməlidirlər. Onlar təkcə
emissiyaların azalmasına deyil, həm də insanların mühafizəsi, iş
yerlərinin sayının artması və inklüziv iqtisadi artımın
stimullaşdırılmasına yönələn qlobal transformasiyaların əsasını
təşkil etməlidir. Lakin bir çox ölkələr üçün iddialı iqlim
planlarını həyata keçirmək imkanı dünyanın Bakıda iqlim dəyişmələri
ilə mübarizənin maliyyələşdirilməsi haqqında yeni sazişlə razı
olub-olmamasından asılıdır. Bu, inkişaf etməkdə olan ölkələrin
ehtiyaclarına cavab verən hədəfdir”, – o deyib.

Onun sözlərinə görə, Azərbaycanı iqlim dəyişmələri ilə
mübarizənin maliyyələşdirilməsinə xüsusi diqqətin yetiriləcəyi,
COP29-a ev sahibliyi edən ölkə kimi görmək xüsusən sevindirici
haldır.

“Aşağı karbonlu iqtisadiyyata keçid zamanı, bu keçidin ədalətli
olması və insanlara mənfi təsir göstərməməsi vacibdir. Bu,
işçilərin, təhsilə və peşəkar təlimə investisiyaların
dəstəklənməsi, eləcə də, icmaların iqlim təsirlərindən qorunması
deməkdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun