Advertisement

“SHE Congress” qayıdır: Qadın liderliyi yenidən diqqət mərkəzində

Bakı. Trend:

Regionun qadın liderliyinə həsr olunan ən böyük tədbirlərindən
biri olan “SHE Congress” altıncı tədbirinə hazırlaşır! Tədbir 22
may tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq və aktual
mövzular, həmçinin qadınların biznes və şəxsi inkişaf sahəsində
qarşılaşdıqları çağırışların müzakirəsinə ev sahibliyi edəcək.
Konqresin mövzusu “İndinin gücü: Anı yaşa” (The Power of Now: Live
the Moment!) olacaq.

“SHE (Smart, Happy, Equal) Congress” tədbiri ekspertləri, biznes
liderlərini və sahibkarları bir araya gətirən unikal platformadır.
2017-ci ildə təsis edildiyi gündən bəri konqres ünsiyyət qurmaq,
öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün imkanlar təqdim etməklə
qadınların şəxsi və peşəkar inkişafını təşviq edir. Bu gün “SHE
Congress” Azərbaycanda və ölkənin hüdudlarından kənarda qadın
liderliyini önə çəkən mühüm hadisə hesab olunur.

Qadın sahibkarlığı iqtisadiyyatda aparıcı yerlərdən birini
tutur, yeni iş yerləri yaradır və innovasiyaları stimullaşdırır.
Araşdırmalar göstərir ki, biznesdə daha çox qadının iştirakı daha
yaxşı təhsil səviyyəsi və həyat keyfiyyəti deməkdir.

“SHE Congress” tədbiri Dayanıqlı İnkişaf Məqsədlərinə
(Sustainable Development Goals) nail olunmasına mühüm töhfə
verməklə qadınların hüquq və imkanlarını fəal şəkildə
dəstəkləyir.

Bu ilki tədbirdə sahibkarlar, biznes liderləri, dövlət rəsmiləri
və ekspertlərin iştirakı ilə şəxsi və peşəkar yüksəliş, qadın
sahibkarlığının inkişafı və uğurlu biznes üçün əlverişli şəraitin
yaradılması ilə bağlı əsas məsələlər müzakirə ediləcək.

Konqres çərçivəsində həmçinin maliyyə, bacarıq və səriştələrin
inkişafı, biznesin idarə edilməsi və digər mövzularda maraqlı panel
müzakirələri keçiriləcək. İştirakçılar təcrübə mübadiləsi aparmaq,
ən yaxşı təcrübələri öyrənmək və faydalı əlaqələr qurmaq imkanı
əldə edəcəklər.

Bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir –
qadınları dəstəkləmək və ruhlandırmaq, təcrübə və bilik
mübadiləsini təşviq etmək, peşəkar əlaqələr qurmaq və mövcud
çağırışların həlli üçün imkanlar yarada biləcək platforma rolunda
çıxış edirlər. Üstəlik, bu cür tədbirlər qadın liderliyini
gücləndirir, iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olunmasına mühüm töhfə verir.

“Ötən beş il ərzində “SHE Congress” illik tədbirdən daha böyük
bir hadisəyə çevrilib. Biz qadınların öz bizneslərini və şəxsi
inkişaflarını inkişaf etdirmək üçün ilham, dəstək və bilik əldə edə
biləcəkləri bir məkan yaratmağa çalışırıq. Azərbaycandan və
dünyanın hər yerindən ən maraqlı məruzəçilər hər zaman konqresin
səhnəsində olurlar ki, ölkəmizdəki auditoriya onları eşitsin,
onların təcrübə və ideyalarından ilhamlansın. İnanırıq ki, qarşıdan
gələn “SHE Congress” yenidən unikal fikir mübadiləsi məkanına
çevriləcək və iştirakçılara peşəkar və şəxsi fəaliyyətlərində yeni
zirvələri fəth etməyə kömək edəcək”, deyə tədbirin təsisçisi,
sahibkar Tatyana Mikaylova bildirib.

Bu ilki tədbirin keçirilməsinə dəstək olan tərəfdaşlar arasında
Heydər Əliyev Mərkəzi, KOBIA, Yelobank, Azercell, Mastercard, UN
Global Compact, Crimson Education və Baku Media Centre kimi nüfuzlu
qurum və təşkilatlar yer alır.

Media partnyorları: BizimYol, Financetime, Rockwell.