Advertisement

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası plenar sessiyalarla davam edib

Bakı. Trend:

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və
Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi
sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji
sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə”
mövzularında plenar sessiyalarla davam edib.

Trend xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz
Şahbazov bildirib ki, bu toplantı Məşvərət Şurasının 10 illik
yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə
olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət
Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla
inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən
platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz
tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji
Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi
region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni
mərhələdir. Qaz tədarükünün artırılmasından bəhs edərkən nazir
deyib ki, Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji
enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq
başlayıb: “Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü
ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11.9 milyard
kubmetr, Türkiyəyə 9.5 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard
kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi
Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin
etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü
artırılan TAP-ın təchizatının da mənbəyidir. Bütün bunlar, eləcə da
“Abşeron Faza1”, “AÇG Dərin Qaz”, “Ümid Mərhələ-2”, “Qarabağ”
layihələrinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə
Azərbaycanın səylərinin və etibarlı tərəfdaş olmasının bariz
göstəriciləridir”.

2030-cu ilədək planlaşdırılan 10 QVt yaşıl enerji güclərinin
ilkin mərhələdə 5 QVt-nın Qara dəniz və Türkiyə üzərindən yaşıl
dəhlizlərlə Avropaya ixracı, həmçinin Mərkəzi Asiya ölkələri ilə
əməkdaşlığın “yaşıl keçid”ə də töhfə verəcəyi qeyd olunub.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri
Simson çıxışında bildirib: “Bizə enerji təhlükəsizliyinə nail olmaq
və bu mühüm onillikdə enerji keçidimizdə uğur qazanmaq üçün
etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa
ehtiyacımız var. Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı
tərəfdaş olmaqda davam edir. Buna görə də biz indi də əməkdaşlığı
yaşıl elektrik enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz
artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı
səbirsizliklə gözləyirik”.

Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini
Nevzat Şatıroğlu çıxışında bunları qeyd edib: “Bu görüşdə belə
yüksək səviyyəli iştirak region ölkələrinin enerji təhlükəsizliyi
və “yaşıl enerji” ilə daha təmiz gələcək istiqamətində əməkdaşlıq
əzmini nümayiş etdirir. Mənbələri və marşrutları şaxələndirməklə
biz enerji təchizatının uzunmüddətli təhlükəsizliyinə nail
olmalıyıq. Bu nəhəng layihələri sıx əməkdaşlıq yolu ilə həyata
keçirmək olar. Türkiyə Şərqlə Qərb arasında özünəməxsus yerləşməsi
ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət
etməkdə davam edir.”

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və
davamlı inkişaf naziri Levan Davitaşvili isə bu fikirləri
səsləndirib: “Cənubi Qafqaz Boru Kəməri, eləcə də TANAP və TAP
layihələri dünyanın ən uğurlu enerji təşəbbüsləri sırasındadır. Bu
layihələr ABŞ və Avropa dövlətləri, beynəlxalq maliyyə institutları
və şirkətlər tərəfindən dəstəklənməklə ev sahibi ölkələr arasında
qarşılıqlı faydalı əməkdaşlığın mükəmməl nümunələridir. Gürcüstan
Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına nail olmaq
üçün Azərbaycan, Türkiyə, Cənub Qaz Dəhlizinin digər iştirakçıları,
Aİ nümayəndələri və maraqlı tərəflərlə fəal dialoqu davam etdirməyə
sadiqdir.”

Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika
naziri Belinda Balluku bildirib: “Cənub Qaz Dəhlizi ölkələrimiz
arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da
təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və
enerji təhlükəsizliyini təşviq edən mexanizmdir. Albaniya təbii qaz
təchizatını yeni enerji mənbəyi kimi əldə etmək, daxili enerji
ehtiyaclarını dəstəkləmək və elektrik enerjisindən asılılığı
azaltmaq, eyni zamanda ev təsərrüfatları, sənayelər və bizneslər
üçün əlçatanlığı yaxşılaşdırmaq üçün TAP-dan istifadə etmək üzrə
yaxşı mövqeyə malikdir”.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto
Piketto Fratin isə deyib ki, hər birimizin enerji keçidi
məqsədlərini koordinasiyalı həyata keçirmək üçün öhdəlik götürməli
olduğumuz bir dövrdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl
Enerji Məşvərət Şurasının iclasları daha böyük əhəmiyyət kəsb edir.
Həmçinin G7-yə sədrliyimizi nəzərə alaraq, biz bu istiqamətdə
COP29-a sədrliyi çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək
istəyirik.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby deyib: “Cənub Qaz
Dəhlizi enerji marşrutlarının və təchizatın şaxələndirilməsinin,
enerji təhlükəsizliyinin milli təhlükəsizliyin təməli olduğuna
parlaq sübutdur. Gələcəyə baxsaq, enerjinin şaxələndirilməsi və
enerji təhlükəsizliyi getdikcə daha çox istifadə etdiyimiz enerji
növlərinin müxtəlifliyi demək olacaq. Xüsusilə neft və qaz
şirkətləri ilə tərəfdaşlıq mühüm olan zaman metan qazının təsirinin
azadılması kimi məsələlərdə qlobal səhnədə COP29-a ev sahibliyi
edən Azərbaycan COP28-dən əldə olunan impulsun davam etdirilməsinə
kömək etmək üçün böyük imkana malikdir.”

Rumıniyanın energetika naziri Sebastian-Ioan Burduja bildirib:
“Rumıniyanın ötürücü sistem operatoru “TRANSGAZ” tranzit boru
kəmərlərində əks axın qabiliyyətini təmin etdi ki, Trans-Balkan
dəhlizi tam potensialı ilə işləyə bilsin və təkcə Rumıniya üçün
deyil, həm də regionun digər dövlətləri üçün lazımi qaz
ehtiyatlarını nəql edə bilsin. Qara dəniz sualtı kabel xətti bərpa
olunan enerjinin ötürülməsi üçün əhəmiyyətli potensiala malikdir.
Bu, Avropaya yaşıl enerji təchizatını təmin etmək üçün mühüm fürsət
təqdim edir.”

İlk dəfə Məşvərət Şurasının iclasına qatılan BƏƏ-nin energetika
və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə çıxışında
bunları deyib: “Bizim Azərbaycanla strateji tərəfdaşlığımız var və
biz həmişə enerji təhlükəsizliyi, əlçatanlıq və iqtisadi artıma
diqqət yetirməklə rifah və qarşılıqlı artımın ümumi vizyonunu əks
etdirən əməkdaşlıq üçün yeni yollar araşdırırıq.”

Moldovanın energetika naziri Victor Parlicov deyib: “Azərbaycan
və Türkiyə ərazisindən keçməklə alternativ təbii qaz nəqli
marşrutları Avropa İttifaqına üzv ölkələrin və regional
tərəfdaşların görünməmiş həmrəyliyi sayəsində mümkün olub. Bu
əməkdaşlıq sayəsində Moldova getdikcə enerji cəhətdən
müstəqilləşir”.

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer
isə bildirib: “Qaz həmişə Sloveniyada və bütün Avropada, xüsusən də
sənaye sektorunda enerji qarışığının əhəmiyyətli bir hissəsi
olmuşdur. Hazırda tərəfdaşlarımız Aİ-nin öz qaz tədarükünü
şaxələndirmək səylərində həlledici əhəmiyyətə malikdir və
Azərbaycan əsas strateji tərəfdaş kimi seçilir”.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik
siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Sztaray
deyib: “Macarıstan həmişə Cənub Qaz Dəhlizinin tikintisini
dəstəkləyib və onun potensialının artırılması təkcə Macarıstan,
Mərkəzi və Şərqi Avropa regionu üçün deyil, həm də Avropanın qalan
hissəsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmrəylik Halqası Sazişi
çərçivəsində Azərbaycan qazının daha çox Mərkəzi və Cənub-Şərqi
Avropa ölkələrinə çatdırılması üçün regional infrastruktur
sərmayələri qoyulacaq və Türkiyənin qaz ehtiyatları da regionumuzun
qaz təchizatında artan rol oynayacaq. Ümid edirik ki, Azərbaycan
qazı gələcəkdə Qərbi Balkanlarda təbii qazın şaxələndirilməsinə
əsaslı töhfə verə biləcək.”

Bolqarıstanın energetika naziri müavini Iva Petrova çıxışında
qeyd edib: “Güclü regional həmrəylik və “yaşıl enerji” dəhlizləri
üzərində əməkdaşlığa əsaslanan milli və beynəlxalq enerji
təhlükəsizliyinə zəmanət olmadan enerji keçidi mümkün deyil.
Etibarlı tərəfdaşlıqdan irəli gələn həmrəylik və əməkdaşlıq, ortaq
məsuliyyət nəticəsində ərsəyə gələn Cənub Qaz Dəhlizinin istismarı
nümunədir.”

Yunanıstanın ətraf mühit və energetika nazirinin müavini
Aleksandra Sdoukou isə deyib: “Azərbaycandan Avropaya Yunanıstan
vasitəsilə 10 milyard kubmetrdən çox qaz tədarük edən dəhlizin tam
fəaliyyətə başlaması üç ildən bir qədər çoxdur. Yunanıstan bir
tərəfdən 2027-ci ilə qədər TAP-ın iki dəfə artırılmasını
dəstəkləməklə, digər tərəfdən Aleksandrupolis FSRU və Bolqarıstan
və Şimali Makedoniyaya boru kəmərləri kimi yeni ixrac
infrastrukturunun tikintisi və ya təkmilləşdirilməsi ilə CQD-ni
tamamlamaq və genişləndirmək üçün sistemli şəkildə işləyir.”

Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin dövlət katibi
Veljko Kovacevic mövqeyini belə ifadə edib: “Bakıda
Serbiya-Bolqarıstan İnterkonnektorunun tikintisinin sonunda biz
Azərbaycandan 2026-cı ilədək ildə 400 milyon kubmetrə qədər qaz
tədarükünü razılaşdırdıq ki, bundan sonra bu həcm üç dəfə arta
bilər. Azərbaycan qazı artıq Avropada qaz təchizatı mənbələrinin
şaxələndirilməsi həllinin bir hissəsi kimi tanınıb. Yeni qaz
birləşmələri sayəsində o, indi Serbiyanın və regionun daha böyük
enerji təhlükəsizliyinə töhfə verir.”

Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət
katibi İvo Milatiç isə bildirib: “İon Adriatik Boru Kəməri layihəsi
ilə bağlı bütün tərəfdaşlarımızla – Albaniya, Monteneqro, həmçinin
Bosniya və Herseqovina ilə növbəti bir neçə ay ərzində fəaliyyəti
sürətləndirmək lazımdır. Bu baxımdan, SOCAR-ın bizə göstərdiyi
böyük dəstəyi xüsusi qiymətləndiririk. Bu dəstək layihə üzrə
hazırlığın bu mərhələsinə çatdırılmasında mühüm rol oynadı. Biz
Avropa İttifaqının sərhədindən Cənub-Şərqi Avropaya əlavə qaz
mənbəyini təmin etmək üçün qazın Avropaya çatdırılmasında
Azərbaycanın böyük köməyi ilə fəaliyyətimizi gücləndirəcək və dörd
ölkə arasında uğurlu əməkdaşlığı canlandıracağıq.”

Slovakiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Kamil Sasko
isə deyib: “Qazın şaxələndirilməsi layihələri üzrə əməkdaşlıq hələ
də həssas olan Mərkəzi və Şərqi Avropa regionunun enerji
təhlükəsizliyini artırmaq üçün çox vacibdir. Mən buraya şəxsən
Cənub Qaz Dəhlizinə və Xəzər qazını regionumuza gətirən Həmrəylik
Halqasına dəstək olmaq üçün gəlmişəm. İnanıram ki, bizim hər
birimizin, o cümlədən maraqlı tərəflərimizin şəxsi iştirakı
regionumuz üçün bu mühüm şaxələndirmə layihəsinin həyata
keçirilməsini sürətləndirəcək.”

Özbəkistanın energetika nazirinin birinci müavini Azim
Ahmedhadjaev çıxışında bunları deyib: “Biz Yaşıl Enerji Məşvərət
Şurasının işində fəal iştirak etməyə və töhfə verməyə hazırıq. Biz
yaşıl enerjiyə qlobal keçidin inkişafı və hamı üçün daha davamlı və
firavan gələcəyin qurulmasında konstruktiv rol oynamağa
sadiqik.”

“Cənub Qaz Dəhlizi sessiyası: Gələcəğə baxış” sessiyasında
SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ADNOC,
Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələri çıxış
ediblər.

“COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin
imkanlarından istifadə” üzrə sessiyada isə BOEMDA, CESI, SOCAR,
Qazaxıstan Bərpa Olunan Enerji Mənbələrinə Dəstək Hesablama və
Maliyyə Mərkəzi MMC, “Masdar”, bp, “ACWA Power” “Fortescue Future
Industries”, “WindEurope”, “SolarPower Europe”, TotalEnergies,
Hydrogen Europe, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, IFC,
Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji
keçidi üzrə investisiya və bazar perspektivləri, bərpa olunan
enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları
dinlənilib.