Advertisement

Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək – RƏSMİ

Bakı. Trend:

Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib.

İdarədən Trend-ə verilən
məlumata görə, müraciətdə deyilir:

“Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində
nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Müəyyən edilmiş hərəkət sxemləri üzrə nəqliyyatın intensiv,
fasiləsiz və təhlükəsiz hərəkəti üçün Bakı Şəhər DYP İdarəsi
tərəfindən zəruri tədbirlər görülüb və İdarənin şəxsi heyəti
təlimatlandırılıb.

“Həyata keçirilən kompleks işlər çərçivəsində nəqliyyat
vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində
hərəkəti 28 May küçəsindən olacaq.

Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat
vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini
Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə
biləcəklər. Bu məqsədlə F.Bayramov küçəsində mövcud ikitərəfli
hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli
hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin
kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq.

S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı
hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami
küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri
Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli
küçəsinə çıxa biləcəklər.

K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli
küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May
küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər
prospekti istiqamətində hərəkət birtərəfli olacaq.

Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin
şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq,
əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.

28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq
məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış
məhdudlaşdırılacaq. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə
dönmə yerindən istifadə etməsi tövsiyə olunur”.