
Bakı. Trend:
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi
(4SİM) COP29 öncəsi Azərbaycanın biznes və dövlət strukturlarına
köməklik göstərməyə hazırdır.
Trend xəbər
verir ki, bu barədə bu gün Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov
“Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı
biznes forumu”nda deyib.
O, Azərbaycanın “yaşıl” iqtisadiyyatında ən son texnologiyaların
tətbiqinin və süni intellektdən istifadənin əhəmiyyətindən
danışıb.
İcraçı direktorun sözlərinə görə, mərkəz Azərbaycanda ən son
texnologiyalar üzrə 16 təşəbbüs həyata keçirməkdədir.
“Bakıda “yaşıl” binaların layihələndirilməsinə, günəş
panellərinin istehsalı üçün nanotexnologiyanın tətbiqinə, müasir su
təmizləmə və şirinləşdirmə sistemlərinə maraq var. Bakıda “Next
Generation Technology Centre” yaradılıb”, – deyə o vurğulayıb.
F.Cəfərov mərkəzin enerji keçidi prosesləri ilə bağlı Azərbaycan
hökuməti ilə daima qarşılıqlı əlaqədə olduğunu bildirib.
“COP29 öncəsi Azərbaycanın biznes və dövlət strukturlarına
əlimizdən gələn köməkliyi göstərməyə hazırıq”, – deyə o əlavə
edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























