
Bakı Trend:
Azərbaycan hər zaman enerji siyasətinə böyük diqqət yetirib.
Baxmayaraq ki, Azərbaycanın zəngin enerji resursları mövcuddur,
ölkəmizdə, eyni zamanda, bərpa olunan enerji mənbələrindən səmərəli
istifadə diqqət mərkəzində olub.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində də
geniş potensiala malikdir.
“Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki
potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji
mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi
üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji
potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində
qiymətləndirilir”, – deyə deputat bildirib.
O qeyd edib ki, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin bərpa olunan enerji sahəsində böyük potensialı
mövcuddur.
“Həmin ərazilərdə bərpa olunan enerji infrastrukturunun
qurulması istiqamətində böyük işlər görülür. Belə ki, elektrik
enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında,
Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su
elektrik stansiyası artıq istismara verilib.
Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində
ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40
MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi
hazırda davam etdirilir.
Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt
gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası
layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə
“Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək”, – deyə
deputat bildirib.
O qeyd edib ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti
beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir.
“Məhz bunun nəticəsidir ki, COP29-un Azərbaycanda keçirilməsi
qərara alınıb. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bərpa
olunan enerjidən istifadənin beynəlxalq müstəvidə təşviqinə mühüm
töhfə vermiş olacaq”, – deyə A.Həsənova əlavə edib.



























